"Gündəlik dərslərin sayının azaldılması biliyin keyfiyyətinə xələl gətirmədən məktəblilərin yükünü azalda bilər”.
Bunu Rusiya Dövlət Dumasının Təhsil komitəsinin rəhbərinin birinci müavini Yana Lantratova deyir. Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin Təhsil komitəsinə müəllimlər, valideynlər və ekspertlərlə şagirdlərin yükünün azaldılması məsələsini müzakirə etməyi tapşırmışdı.
Volodinin sözlərinə görə, müzakirəyə təhsil nazirini də dəvət etmək lazımdır. Lantratovanın sözlərinə görə, əsas problemlərdən biri təhsil proqramının çox vaxt tələbələrin fiziki və emosional rifahını unudaraq, yalnız akademik nailiyyətlərə yönəldilməsidir. "Tədris proqramlarını optimallaşdırmaq lazımdır ki, onlar uşaqların yaş xüsusiyyətlərini və onların fizioloji ehtiyaclarını nəzərə alsın", - Lantratova TASS-a bildirib.
Onun sözlərinə görə, məktəblərdə dərsdənkənar fəaliyyətlərə diqqət artırılmalıdır. Beləliklə, deputat əmindir ki, məktəblilərin müxtəlif dərnək və seksiyalarda iştirak etmələri üçün şəraitin yaradılması vacibdir. O, "Ev tapşırığına yanaşmanı yenidən nəzərdən keçirməyə dəyər, onlar böyük həcmdə işi mexaniki şəkildə yerinə yetirməyə deyil, materialı birləşdirməyə yönəldilməlidir",-deyib.
Qeyd edək ki, ölkəmizdə də uzun müddətdir gündəlik dərslərin sayının azaldılması müzakirə mövzusudur. Şagirdlərin dərs yükünün artıq olması problemlər yaradır.
Gündəlik dərslərin sayının azaldılması mümkündürmü və dərslərin keyfiyyətinə necə təsir edəcək?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, gündəlik dərs saatlarının və dərslərin sayının azaldılması təhsil sahəsində uzun müddətdir müzakirə olunan mövzulardan biridir:
“Bu məsələ son illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə təhsil sisteminin modernləşdirilməsi istiqamətində gündəmə gətirilib. Dərslərin sayının azaldılması təklifinə müxtəlif prizmalardan yanaşaraq bu məsələni geniş təhlil etmək mümkündür.
Əsas məqsəd dərslərin sayını azaltmaqla şagirdlərin fiziki və zehni yüklənməsini minimuma endirməkdir. Mövcud sistemdə bəzi şagirdlərin gün ərzində 6-7 dərsdə iştirak etməsi onların yorğunluğunu artırır və bu da biliklərin mənimsənilməsinə mənfi təsir göstərir. Bu yanaşma xüsusilə ibtidai və orta siniflərdə daha vacibdir. Çünki bu yaş qruplarının diqqət və konsentrasiya müddəti məhduddur. Uzun dərs saatları təkcə yorğunluq deyil, həm də dərs keyfiyyətinin azalmasına səbəb olur”.
O bildirib ki, dərslərin sayının azaldılması məsələsi ilə bağlı bir sıra nəzəri və praktik məsələlər ortaya çıxır. İlk növbədə, azaldılan dərs saatlarının məzmun baxımından necə kompensasiya ediləcəyi sual olunur:
“Məsələn, dərs saatlarının azalması nəticəsində tədris proqramlarında müəyyən fənlərin sıxışdırılması və ya tamamilə ləğv edilməsi ehtimalı mövcuddur. Bu isə müəyyən bilik sahələrində boşluqlar yarada bilər.
Alternativ olaraq, dərs saatlarının azalması ilə birlikdə interaktiv və praktik tədris metodlarının tətbiqi şagirdlərin dərsləri daha effektiv şəkildə mənimsəməsinə şərait yarada bilər”.
Ekspert deyib ki, dərslərin azaldılması ilə bağlı digər bir məsələ isə müəllimlərin iş yüküdür:
“Dərs saatlarının azalması müəllimlərin gəlirlərinə təsir edə bilər. Bunun qarşısını almaq üçün müəllimlərin maaş sistemində dəyişiklik edilməli və dərs keyfiyyətinə əsaslanan əlavə stimullar tətbiq edilməlidir. Əks halda, bu cür dəyişikliklər müəllimlərin motivasiyasını aşağı sala və təhsilin ümumi keyfiyyətinə mənfi təsir göstərə bilər. Müasir dövrün tələbləri nəzərə alınaraq, dərs saatlarının azalması zamanı əlavə təhsil və ya fərdi inkişaf proqramlarının tətbiqi məsələsi də düşünülməlidir. Məsələn, dərslərin azaldılması ilə əldə edilən boş vaxtlar şagirdlərin idman, sənət, musiqi və ya texnologiya ilə məşğul olması üçün istifadə edilə bilər. Bu yanaşma həm də şagirdlərin təkcə akademik biliklər deyil, həm də sosial və şəxsi bacarıqlar əldə etməsinə kömək edər”.
Ekspertin sözlərinə görə, müxtəlif ölkələrin təcrübələrini nəzərdən keçirsək, dərs saatlarının azaldılmasının müsbət nəticələr verdiyi hallar var:
“Məsələn, Finlandiyada dərs saatları digər ölkələrlə müqayisədə daha azdır, lakin bu ölkənin təhsil sistemi dünya üzrə ən yüksək nəticələrdən birini göstərir. Bunun səbəbi təkcə dərs saatlarının az olması deyil, həm də təhsil prosesində interaktiv və şagirdyönümlü metodların tətbiqidir. Bu model Azərbaycanın təhsil sistemində də tətbiq edilə bilər, lakin öncəliklə geniş pilot layihələr vasitəsilə sınaqdan keçirilməlidir. Bu yanaşmanın tətbiqinin əsas şərti isə təhsil sisteminin bütövlükdə yenilənməsi və tədris prosesinin modernləşdirilməsidir.
Dərs saatlarının azalması yalnız bir addımdır, lakin bu addım digər dəyişiklərlə birlikdə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Əks halda, dəyişikliklər sistemdə xaos yarada və təhsil keyfiyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Nəticə olaraq, dərslərin sayının azaldılması ideyası tətbiq edilə bilər, lakin bu dəyişikliklər geniş şəkildə planlaşdırılmalı və tədricən həyata keçirilməlidir. Təhsil sistemində hər hansı bir dəyişiklik yalnız onun şagirdlər, müəllimlər və valideynlər üçün doğuracağı nəticələr nəzərə alındıqda uğurlu ola bilər. Təhsil keyfiyyətinin artırılması, dərs yükünün optimallaşdırılması və təhsil prosesində innovativ yanaşmaların tətbiqi bu prosesin əsas prioritetləri olmalıdır”.
Nigar Abdullayeva