Bu müəllimlərə yeni güzəştlər olacaq? - Açıqlama


Bu gün bir sıra hallar istisna olmaqla, yaşı 65-ə çatan müəllimlərin əmək müqaviləsinə xitam verilir.

Ancaq bəzi təhsil ekspertləri, mütəxəssisləri belə fikirdədir ki, sertifikasiyada yüksək bal toplayan və yaşı 65 olan müəllimlərin çalışması üçün şərait yaradılmalıdır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, sertifikasiyadan 58-dən çox bal toplayan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılmasının tərəfdarıdır:

"Sertifikasiyada 58-60 bal aralığında nəticə göstərib, yaşı 65-i keçən şəxslərin əmək müqavilələri 1 yaxud 2 il də artırıla bilər. Amma 51-58 arası nəticə göstərən yaşlı müəllimlərin artıq təqaüdə gedib, yerlərini gənclərə vermələri daha doğru addımdır.

Çünki o müəllimlər çətin, ya asan əmək fəaliyyəti ilə məşğul olublar, ömürlərinin bəlli bir yaşına çatıblar. Gənclərimizin isə xeyli hissəsi işsizdir. Ancaq yaşı 65-i ötən, müəllimlərin sertifikatlaşdırma imtahanından 58-dən çox bal toplayan əmək bacarığı və sağlamlığı normal olan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılmasının tərəfdarıyam".

Doğurdanmı yaşı 65 olmasına baxmayaraq, sertifikasiyada yüksək bal toplayan müəllimlərə çalışmaq imkanı yaradılmalıdır?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az"-a bildirib ki, yaşa görə pensiya, eləcə də 65 yaşa çatmış şəxslərin işdən azad edilməsi və yaxud işləyərək pensiyası təyinatı qaydası müvafiq qanunvericiliklə tənzimlənir:

"Qanunla yaşı 65-i keçmiş şəxslərin intizam məsuliyyətinə cəlb edilməmə, elmi dərəcə və elmi adın olması, eləcə də digər uğurlar nəzərə alınmaqla, hər dəfə bir il uzatmaqla 5 il əmək müqaviləsini artırmaq olar.

Bu gün Azərbaycanda elə məktəblər var ki, kadr çatışmadığından yaşı 65-dən yuxarı olan müəllimlər çalışır. Deyərdim ki, sertifikasiyadan 51 baldan yuxarı toplayan şəxslərin əlavə 5 il işləməsinə şans yaradılması yaxşı olardı.

Doğrudur, o şəxslər yaşlı ola bilər. Ancaq sağlamlıq, bilik və bacarıqları dərs keçməyə imkan verirsə, həmin şəxsləri sistemdən kənarlaşdırmaq doğru olmazdı".

Onun sözlərinə görə, hazırda yaşlı, təcrübəli kadrlara da ehtiyacımız var:

"Ancaq 50 yaşı olan müəllim var ki, işləmək həvəsi yoxdur, məktəbə məcburiyyətdən gedir. Nəticə etibarı ilə sertifikasiyada yüksək nəticə göstərən kadrların işdə qalmasının mən də tərəfdarıyam. Məhz yaşlı dediyimiz şəxslərin bilik və təcrübəsindən gənc nəsil istifadə etməsi yerinə düşərdi".


MANŞET XƏBƏRLƏRİ