Son aylarda bitkoinin qiyməti durmadan artır. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra isə bir həftə ərzində 30 faizədək bahalaşma qeydə alınıb. Önümüzdəki ildə, özəlliklə Trampın hakimiyyəti dövründə bitkoinin gələcəyi necə olacaq?
İqtisadçı Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bitkoinin qiymətinin qalxması xəbər axınına və spekulyasiyaya bağlıdır:
“Özəlliklə İlon Maskın əlində külli miqdarda bitkoinin olduğu haqqında xəbərlər dolaşırdı. Tramp öz çıxışlarında bitkoinin və ümumiyyətlə, koinlərin gələcəkdə ABŞ tərəfindən leqal ödəniş vasitəsi kimi qəbul ediləcəyini söyləmişdi. Ona görə də Trampın qələbəsindən sonra bitkoinin qiymətinin qalxması təbiidir.
Bitkoin hazırda iqtisadi əsaslara görə artmır. Sadəcə xəbər axını, spekulyasiya və ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu. Çox güman ki, Tramp hakimiyyəti dövründə ABŞ-də koinin tənzimlənməsiylə bağlı qanunlar qəbul ediləcək”.
Natiq Cəfərlinin sözlərinə görə, bu, özlüyündə yeni bir format da gətirə bilər:
“Çünki bitkoini cəlbedici edən gizlilik idi. Bundan hamı istifadə edirdi. Məsələn, Rusiyanın sanksiyalardan yan keçməsində koinlərdən istifadə edilir. Bundan başqa, narkotacirlər də koinlərdən istifadə edirlər. Çünki onların anonimliyi qorunur. Əgər koinlər dövlət tərəfindən tənzimlənsə və anonimlik qorunmsa, bu onun cəlbediciliyini xeyli dərəcədə aşağı salacaq. Çünki məsələyə qlobal baxsaq, bitkoin özü ABŞ dolları üçün təhdiddir”.
Natiq Cəfərli bildirib ki, Trampın əsas qayələrindən biri ABŞ dollarının itirilmiş nüfuzunu yenidən bərpa etməkdir.
“Burada maraqların toqquşması var. Ona görə də, hələlik bu ajiotaj çərçivəsində bitkoinin qiyməti hətta 100 000 dolları da keçə bilər. Ancaq dediyim kimi, bunun heç bir iqtisadi əsası yoxdur. Əgər koinlər anonimliyi aradan qaldırılmış bir ödəniş vasitəsinə çevrilsə, onun cəlbediciliyi itəcək və o zaman koinlərə indiki kimi təlabat olacaqmı? Bu, ciddi sual doğurur” – deyə, o qeyd edib.
Onun sözlərinə görə, yaxın aylarda da bitkoinin yüksəlişi davam edə bilər:
“Ancaq ABŞ-də qəbul olunacaq qanunlardan çox şey asılıdır. Əgər qanunlar anonimliyin aradan qaldırılması və dövlət tərəfindən tənzimlənməsi yolunda olacaqsa, bitkoin və digər koinlərə marağın azalacağını düşünürəm”.