Neftin bir barel qiyməti 76,33 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 76,33 dollara satılır.

Turkustan.az xəbər verir ki, cümə günü 80,60 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 76,93 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,46-da bağlanış vaxtı ilə müqayisədə 0,8 faiz azalaraq 76,33 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 73,17 dollara satılıb.

Qlobal bazarlarda zəif makroiqtisadi məlumatların göstərdiyi tələbin azalması və Yaxın Şərqdə atəşkəsə nail olmaq səylərinin ardınca ucuzlaşan Brent markalı neftin barel qiyməti son 4 sessiyada 80 dolların altında ticarət olunur.

Avqustun 15-də sonuncu dəfə 80,4 dollara çatan Brent markalı neft, dünyanın ən böyük neft idxalçısı Çin və ən böyük neft istehlakçısı ABŞ-dan gələn zəif iqtisadi məlumatlara uyğun olaraq eniş trendini davam etdirir.

Liviyanın şərqində Nümayəndələr Palatasının təyin etdiyi hökumət, Mərkəzi Bankın rəhbərliyi ilə bağlı fikir ayrılıqları səbəbindən avqustun 26-da bütün neft yataqları, limanlar və qurumlarda “fors-major” elan edərək hasilatı və ixracı dayandırmaq qərarına gəldiyini açıqladıqdan sonra , Brent markalı neftin barel qiyməti 80,2 dollar səviyyəsinə qalxıb.

Digər tərəfdən, Yaxın Şərqdə dərhal atəşkəsə nail olmaq üçün səylərin artması qiymətlərə aşağı istiqamətli təzyiqlər yaradır.

Qəzza zolağında 6 israilli məhbusun cəsədinin tapıldığı açıqlandıqdan sonra İsraildə yüz minlərlə insan atəşkəs və məhbus mübadiləsi razılaşmasını imzalamaq istəməyən baş nazir Benyamin Netanyahu və hökumətinə etiraz etməyə başlayıb.

Digər tərəfdən, ABŞ Müdafiə Naziri Lloyd Austin, İsrail Müdafiə Naziri Yoav Gallant ilə telefon danışığında Qəzzada əsirlərin azad edilməsini təmin edəcək atəşkəs razılaşması əldə etmək əzmində olduqlarını bildirib.

Bu hadisələrin bölgədə atəşkəs ehtimalını artıracağına dair gözləntilər bazarlarda təklif narahatlığını aradan qaldıraraq qiymətlərin enməsinə dəstək verir.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 76,76-77,19 dollar aralığına müqavimət, 76,10-75,87 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ