Xərcimiz artıb: Bahalaşma günahkardır, yoxsa özümüz?


Azərbaycanda əhali ərzağa 7 ayda 16,3 milyard manat xərcləyib.

2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 16 milyard 327,2 milyon manatlıq ərzaq məhsulları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 2,1% çoxdur.

Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.

Təkcə iyun ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 550,4 milyon manat təşkil edib.

Məhz vəsaitin 50,6 faizinin ərzaq məhsullarına xərclənməsinin səbəbi əhalinin istehlakı, yoxsa qiymət artımı ilə bağlıdır?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, əslində normal ölkələrdə yay fəsli dövründə, yəni turizm mövsümündə vətəndaşların istehlak səviyyəsi, xüsusilə də ərzaq istehlak göstəriciləri aşağı düşür:


“Ancaq Azərbaycanda bu, əksinə baş verir. Bunun bir neçə səbəbi mövcuddur. İlk növbədə vətəndaşların gəlirlərinin yalnız ərzaq istehlakına yetərli səviyyədə olmasıdır.

Azərbaycan vətəndaşları gəlirlərinin 50 faizindən çoxunu yalnız ərzaq və zəruri istehlak mallarına xərcləyir və vəsaitlər bu səbətin formalaşmasına gedir. Nəticə etibarilə həm də bahalaşma, sürətli inflyasiya, vətəndaşın gəlirlərinin artmaması fonunda istehlak qiymətləri də, istehlak yükü də artır.

Nəzərə alsaq ki, hazırda Azərbaycanda dini baxımdan toyların böyük əksəriyyəti təxirə salınıb. Digər şənliklərin, kütləvi tədbirlərin təxirə salınması nəticə etibarilə də ərzaq istehlakının aşağı düşməsinə gətirib çıxarmalı idi. Bu yay ayalarında vətəndaşın yükü azalmalı idi.

Alternativ olaraq mövsümi tədarük olunan ərzaqlıq bostan bitkiləri, meyvə və tərəvəzin də bol olmasını nəzərə alsaq yay aylarında adətən vətəndaşların ərzaqla bağlı istehlak xərcləri aşağı düşməli idi. Təəssüf ki, Azərbaycanda bu normalda düşünə biləcəyimiz proseslərin heç biri baş vermir.

Azərbaycan iqtisadiyyatı vətəndaşların sosial xərclərinin normal bazar şərtləri ilə uyğunlaşmaması, bazarın inhisar altında qalması, digər bürokratik əngəllər, neqativ faktorlar, o qədər xaotik bir mənzərə yaradır ki, nəticə etibarilə də biz normal situasiyadan, normal rəqəmlərdən, proqnozlardan çıxış edərək hər hansı bir normal vəziyyəti qiymətləndirə bilmirik.

Bu da anormal iqtisadi idarəetmə, ortaya anormal mənzərə çıxarır. Bundan da Azərbaycan vətəndaşları əziyyət çəkirlər”.


MANŞET XƏBƏRLƏRİ