Azərbaycanda dollara tələbatın artmasının iki səbəbi... - Açıqlama


“Ölkədə xarici valyutaya tələbin artması narahedici məqamdır. Bu əsasən, iki fundamental amillə bağlıdır. Bir tərəfdən idxalın əvəz olunması effektiv şəkildə reallaşdırılmır. Kritik istiqamətlər üzrə idxaldan asılılığımızı azalda bilmirik ki, bu da dollara olan tələbin artması deməkdir. İkinci bir amil isə kapital qaçışı ilə bağlıdır. Hətta xarici ticarətdə böyük müsbət saldo qeydə alındığı dövrlərdə belə ölkədən kapital çıxışının şahidi olurduq".

Bu fikirləri Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə xarici valyutaya tələbin artmasının qarşısını almaq üçün xarici valyuta və transsərhəd valyuta əməliyyatları ilə bağlı dövlət tərəfindən effektiv nəzarət mexanizmi tətbiq olunmalıdır. Cari əməliyyatlarla bağlı olan valyuta mübadiləsi sərbəst şəkildə davam etdirilməlidir:

“Ən başlıcası isə ölkədən cari əməliyyatlarla bağlı olmayan istiqamətlər üzrə kapital çıxışının qarşısı alınmalıdır ki, biz bu yolla daxili valyuta bazarını, iqtisadi sabitliyi qoruya bilək. Eyni zamanda idxalın əvəz olunması siyasəti effektiv şəkildə həyata keçirilməlidir. Bunun üçün böyük imkanlar var. İdxalın əvəz olunması hədəf kimi götürülməlidir. Çünki idxalın əvəz olunması bir çox sosial, iqtisadi problemlərin həlli deməkdir”.


MANŞET XƏBƏRLƏRİ