Bu ilin sonunadək Azərbaycanın valyuta ehtiyatları 74 milyard ABŞ dollarına yaxınlaşacaq.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı açıqlamasında bildirilir.
Qeyd olunub ki, ölkənin valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 98 %-ni təşkil edəcək. Ehtiyatların 80 %-i Dövlət Neft Fonduna (ARDNF), 20 %-i isə Azərbaycan Mərkəzi Bankına məxsus olacaq.
Maraqlıdır, valyuta ehtiyatının çox olmasının vətəndaşlara faydası varmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda valyuta ehtiyatlarının çox olması təhlükəsizlik “yastığı”dır:
"Çünki valyuta ehtiyatlarının çox olması Azərbaycanın iqtisadi dayanıqlığına təsir göstərir. Vətəndaşların həyatına birbaşa təsir mexanizmləri valyuta ehtiyatlarından asılı olmasa da, dolayı təsir mexanizmləri valyuta ehtiyatlarından asılıdır.
Belə ki, büdcənin formalaşmasının yarısı Neft Fondunun payına düşür.
Büdcə formalaşmasa, maaşların, təqaüdlərin ödənişində ciddi problemlər yarana bilər.
Bu, təhlükəzilik “yastığı" kimi Azərbaycana kreditləşmə portfelinia artırmağa, daha çox borc və kredit cəlb etməyə imkan verir və Azərbaycanın investesiya cəlbediciliyini artıran faktora çevrilir".