Bu məhsulun qiyməti İKİ DƏFƏ BAHALAŞDI


Ölkədə Aİ-92 markalı benzin və dizelin qiyməti bahalaşan kimi, bir çox sahələrdə qiymət artımı baş verdi. Məsələn, məlumata görə son günlər mişar daşı (kubik) kəskin bahalaşıb. Belə ki, “kubik”in 1 ədədi 80 qəpik, 1 manata təklif edilir. Yaxın günlərə kimi isə həmin daşlar 52 qəpik olub.

Bahalaşmanı digər iki məqamla da bağlayırlar: Birincisi, bu tikinti materialına tələbat çoxalıb. İkincisi, karxanaları əvvəlki kimi istismar edə bilmirlər. Təbiəti qoruyanda, qanunları sərtləşdirəndə bahalıq yaranır, bunu etməyəndə təbiət məhv edilir. Bəs necə etmək olar ki, görülən bəzi tədbirlər bahalaşmaya səbəb olmasın?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Elçin Qurbanov deyib ki, bahalaşmaya əsas yanacağın qiymətinin artırılması təsir edib.

Onun sözlərinə görə, mişar daşı dizel yanacağı ilə işləyən avtomobillərlə daşındığı üçün qiyməti artıb:

Elçin Qurbanov

“Benzinin, xüsusilə də daşınmalarda əsas yanacaq kimi istifadə olunan dizelin satış qiymətinin 25 faiz bahalaşması bütün yerli məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının qiymətlinə təsirsiz ötüşməyib. Mişar daşına gəlincə, hesab edirəm ki, bunu ayrıca vurğulamağa ehtiyac yoxdur. “Kubik” iri tutumlu yük avtomobilləri ilə daşınır. Hansı ki, dizel yanacağı ilə işləyirlər. Digər tərəfdən isə məhsulların qiymətinin artması inflyasiya dərəcəsinə uyğun əmtəə və xidmətlərin qiymətlərinə də hökmən təsir göstərir”.

İqtisadçı deyib ki, tikinti işlərinin artması müəyyən məhsullarda defisit yarandığı halda sıçrayışlı qiymət artımı ilə müşahidə oluna bilər:

“Mişar daşları ilə bağlı xüsusi problemlərimiz yoxdur. O ki, qaldı bahalaşmanın qarşısının alınması ilə bağlı sualınıza, nəzərə almaq lazımdır ki, inflyasiyanın qarşısı belə hallarda tələbin səviyyəsinə təsir göstərməklə qismən alına bilər. Yəni iqtisadi aktivliyin zəifləməsi üçün monetarizmin xüsusi konservativ platformasının tətbiqi mümkündür. Əmək haqlarının azaldılması, bank faizlərinin yüksəldilməsi, dövlət büdcəsi xərclərinin azaldılması, əhalinin illik pul gəlirlərinin artımını 3-5 faiz həcmində məhdudlaşdırmaq iqtisadi aktivliyin aşağı düşməsi, yəni məcmu tələbin həcminin azaldılması, biznes mühitinə və büdcə daxilolmalarına da mənfi təsir göstərəcək. Çünki işğaldan azad edilmiş rayonlarda yüksək sürətlə quruculuq işləri həyata keçirilir. Dövlət əsaslı investisiyaların azaldılması barədə heç nə hiss etmirəm. Həmin platforma bu gün Azərbaycan üçün əhəmiyyətli deyil”.


MANŞET XƏBƏRLƏRİ