Manatla əmanətlərdə artım: Vətəndaşlar dollardan niyə qaçır?


Fiziki şəxslərin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 milyon manat artmışdır.

Artımın 86.5%-i (415.8 milyon manat) milli valyutada, 13.5%-i (65 milyon manat) xarici valyutada əmanətlər üzrə olmuşdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 milyard 100.4 milyon manat) milli valyutada, 34.4%-i (4 milyard 779.8 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7 milyard 750.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 252.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.

Maraqlıdır, vətəndaşların manatla əmənat qoymaqda marağının artması hansı səbəblərlə bağlı ola bilər? Hazırda bu manatın dövriyyəsinə necə təsir göstərir?

Məsələ ilə bağlı “Cebheinfo.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, bunun bir neçə səbəbi var:

“Banklarda manatla qoyulan əmanətlərin sayınında artım manatın sabitliyi ilə əlaqədardır. Uzun müddətdir ki, manat sabit olaraq qalır. Yəni 1 dollar 1.70 manat civarındadır. Eyni zamanda, banklara qoyulan əmanətlərin sayının artmasının digər bir səbəbi də manatın daha gəlirli olmasından irəli gəlir.

Belə ki, manatla qoyulan əmənatlərin faiz dərəcəsi 10 %-dir. Dollarla qoyulan əmanətlərin faiz dərəcəsi isə çox aşağıdır. Buna görə də vətəndaşlar manatla qoyulan əmanətlərə maraq göstərir.

Amma bu tendensiyanın dəyişməsi ehtimalı var. Uzun müddət manat sabit qala bilməz. Bunun fəsadları olur. Əgər gələcəkdə manatın sabitliyində hər hansı dəyişiklik baş verərsə, manatla qoyulan əmanətlərin sayının azalmasının şahidi olacağıq”.


MANŞET XƏBƏRLƏRİ