Neftin bir barel qiyməti 81,32 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 81,32 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 82,79 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 81,01 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.10-un bağlanışı ilə müqayisədə 0,38 faiz artaraq 81,32 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 77,17 dollara satılıb.

Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da neft tələbinin artdığını göstərən məlumatlar və Kanadada davam edən meşə yanğınlarının təsiri nəticəsində neft qiymətləri yüksəlir.

Dünən Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb. API məlumatlarına görə, ölkədəki kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə 3 milyon 900 min barrel azalaraq gözləntiləri aşdı. Bazar gözləntisi ehtiyatların 2 milyon 470 min barrel azalacağı idi. Bu azalma ölkədə tələbatın gücləndiyini göstərməklə qiymətlərə təsir edir. ABŞ Enerji İnformasiya İdarəsi gün ərzində rəsmi məlumatları açıqlayacaq.

Digər tərəfdən, Kanadanın böyük neft yataqlarının yerləşdiyi bölgələrdə meşə yanğınları davam edir. Yanğınların ABŞ-a yayıla biləcəyi ilə bağlı narahatlıqlar artdıqca, bazar oyunçuları yenidən alovlanan meşə yanğınlarının neft hasilatına təsirini yaxından izləyirlər. Dünyanın dördüncü ən böyük neft istehsalçısı olan ölkədə yanğınların neft hasilatını riskə atacağı və qlobal təchizatı pozacağına dair narahatlıq qiymətləri yüksəldir.

Qlobal neft ehtiyatlarının böyük hissəsinin yerləşdiyi Yaxın Şərqdə davam edən münaqişələr qlobal tədarüklə bağlı narahatlıqları artırır və qiymətlərə təsir göstərir. İsrail ordusunun Qəzza zolağına hücumları davam edərkən, qlobal dəniz ticarəti üçün kritik əhəmiyyətə malik olan Qırmızı dənizdəki münaqişələr bunun neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar yaradır. İsrail və Livan Hizbullahı arasında davam edən münaqişə də bölgədə gərginliyi artırır.

Bildirilir ki, Brent neftində texniki olaraq 82,37-84,65 dollar arası müqavimət, 79,16-77,81 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ