Brent markalı neftin barel qiyməti 82,89 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,89 dollara satılır.

Turkustan.az xəbər verir ki, cümə günü 85,35 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 82,63 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,58-də bağlanış vaxtı ilə müqayisədə 0,31 faiz artaraq 82,89 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 78,82 dollara satılıb.

Neftin bahalaşmasına ABŞ prezidenti Co Baydenin dünən öz namizədliyini geri götürəcəyini və vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bəyan etməsindən sonra dolların zəifləməsi təsir edib.

Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir. ABŞ dolları indeksi səhər saatlarında 0,10 faiz azalaraq 104,30 səviyyəsinə çatıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə siyasət faizlərini aşağı salmağa başlayacağı ilə bağlı proqnozlar da dünyanın ən böyük neft istehlakçı ölkəsində iqtisadi aktivliyin artacağına dair gözləntiləri artıraraq qiymətləri yuxarıya doğru dəstəkləyir.

Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell həftə sonu bildirib ki, bu ilin ikinci rübünə aid üç məlumat dəsti inflyasiyanın 2 faizə düşdüyünə dair “bir qədər inamı artırır”.

Digər tərəfdən, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı narahatlıqlar qiymətlərin yuxarıya doğru hərəkətini məhdudlaşdırmağa davam edir.

Çin iqtisadiyyatının ilin ikinci rübündə 4,7 faizlə gözləntilərin altında böyüməsi ölkənin neft tələbi ilə bağlı narahatlıqlara səbəb olur və qiymətlərə də təsir edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ