Çörək 5-10 qəpik ucuzlaşa bilər


Bu günə qədər ölkə üzrə taxıl sahələrinin 62,8 %-də biçin başa çatıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib. Məlumata görə, mexanizatorlar 635 646 hektar sahədə biçin aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 844 hektar artıqdır. Arpa sahələrinin 86,4 %-də, buğda sahələrinin isə 45,7 %-də biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir. Zəmilərdən bu günə qədər 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır. Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunun 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

Maraqlıdır, taxıl biçini yekunlaşmağa doğru getdiyi halda nəyə görə çörəyin qiymətində artım müşahidə edilir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, çörəyin qiymətinin artımına səbəb logistik xərclərin artmasıdır:

“Ölkəmizdə yetərli qədər əkin sahələri var. Buna baxmayaraq, kənd təsərrüfatının inkişafı özünü gözləndiyi qədər doğrultmayıb. Çünki fermerlər əkinçilikdə maraqlı deyillər. Eyni zamanda, fermerlərin əkin üçün lazımı imkanları yoxdur. O səbəbdən istehsalat yalnız bir neçə məhsul üzərindədir.

Bunlardan biri də taxıldır”.

İqtisadçı vurğulayıb ki, buğda sahəsi 100 faiz biçilsə də, çörəyin qiymətində ucuzlaşma gözlənilmir:

“Hazırda buğda sahəsinin 45 %-i ölkədaxili təlabatın bir hissəsini qarşılamaq üçün yetərlidir. Ölkədaxili təlabatı ödəmək üçün bütün taxıl sahəsi biçilsə də, çörəyin qiyməti ucuzlaşmayacaq. Ucuzlaşma üçün öncəliklə fermerlərə əlavə yanacaq güzəştləri ödənilməlidir. Ondan əlavə ucuz qiymətə ölkəmizə taxıl idxalı artmalıdır. Bu proseslər paralel olaraq icra olunarsa, o zaman cörəyin qiymətində 5-10 qəpik ucuzlaşmadan söhbət gedə bilər”.

O qeyd edib ki, yaxın zamanlarda arpa və buğdanın qiyməti ucuzlaşa bilər:

“Arpa və buğdanın biçini tamamən yekunlaşdığı zaman nisbətən ucuzlaşma müşahidə edəcəyik. Ancaq ucuzlaşma çox kiçik bir hissəni əhatə edəcək. Buna səbəb logistik xərclərin,
əsasən də dizel yanacağının artmasıdır. O səbəbdən ucuzlaşma çox kiçik ola bilər”.


MANŞET XƏBƏRLƏRİ