Benzin və dizeldən başqa nələrin qiyməti artırılacaq – AÇIQLAMA


Aİ-92 benzininin və dizel yanacağının bahalaşacağı xəbəri ictimaiyyətdə narahatlıq doğurub. Məlumata görə, qənaət ondan ibarətdir ki, benzin və dizelin bahalaşması vətəndaşların Aİ-92, eləcə də dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Bəs bu bahalaşma başqa nələrin qiymətinə təsir edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, Azərbaycan kimi ölkələrdə benzin və dizelin bahalaşması üçün heç bir əsas yoxdur.

İqbal Ağazadə

O deyib ki, Azərbaycan özü neft ixrac edir və kifayət qədər neftayırma zavodları var:

“Ölkəmizdə Aİ-95 markalı benzin istehsal olunmasa da, Aİ-92 və dizel ölkə daxilində istehsal olunur. Neftin qiyməti dünyada kifayət qədər baha olduğuna görə, bahalaşma üçün xüsusi xammal alışına ehtiyac yoxdur. Bu səbəbdən hesab edirəm ki, belə məsələlərdə hər hansı bir əsaslandırma doğru deyil. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, müstəqillik dönəmində, bu qədər neftin daxil olduğu bir vaxtda Aİ-95 markalı benzinin istehsalı üçün Azərbaycanda müasir tipli zavod niyə qurulmayıb? Bu, çoxdan olmalı idi. Hətta biz Aİ-95 markalı benzinin idxalçısına yox, ixracçısına çevrilməli idik. Çünki kifayət qədər neft satan ölkəyik”.

İ.Ağazadənin sözlərinə görə, yanacaq qiymətinin qalxması bütün sferalarda qiymət artımına səbəb olacaq:

“Daşınmalarla bağlı nə varsa hamısının qiyməti artırılacaq. İstər ərzaq məhsullarının, istər ictimai nəqliyyatın, istərsə də taksi xidmətlərində kifayət qədər bahalaşma olacaq. Bu bahalaşma isə əhalinin həyat şəraitinə olduqca pis təsir edəcək. Ona görə də hesab edirəm ki, bu addımı atmadan əvvəl düşünmək lazımdır”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də deyib ki, Azərbaycanda dizel və benzinin qiymətinin qalxması üçün heç bir əsas yoxdur:

“Dünya bazarında neftin qiyməti qalxmayıb. Əksinə, ilin əvvəlindən təqribən 10-12 faiz aşağı düşüb. Azərbaycanda yerli istehsal var. Yəni həm Aİ-92, həm də dizel markalı benzin istehsal edilir. Azərbaycan neft ölkəsidir. Bunun üçün də qiymət artırmağa heç bir əsas yoxdur. Sadəcə, ölkədə büdcə gəlirləri azalır və bunun fonunda Tarif Şurası tərəfindən tənzimlənən qiymətlərin artma ehtimalı da yüksəlir. Yəni, enerji daşıyıcıları, kommunal xidmətlər, nəqliyyatın qiyməti artırıla bilər”.

İqtisadçı qiymət artımının yaxın günlərdə baş tutacağına inanmadığını bildirib:

“Çünki ölkə artıq seçkiyə gedir. Seçkiqabağı dövrdə hökumətin benzinin qiymətini qaldırması heç də ona səs və dəstək gətirməyəcək. Bu səbəbdən də ola bilər ki, bahalaşma seçkidən sonrakı dövrə təsadüf etsin”.


MANŞET XƏBƏRLƏRİ