İdxal, yoxsa yerli istehsal: Azərbaycanda buğda çatışmazlığı yarana bilər?


Azərbaycanda dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri əhalinin ərzaqla davamlı təminatıdır. Bu da öz növbəsində kənd təsərrüfatının əsasını təşkil edən taxılçılığın inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Çünki taxılçılıq əhalinin un və un məmulatlarına tələbatının ödənilməsi ilə yanaşı, həm də heyvandarlıq sahəsində tələbatın ödənilməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, dövlətimiz taxılçılığın inkişafını daim diqqət mərkəzində saxlayır. Təbii ki, bununla paralel olaraq buğda ehtiyacının tam təminatı məqsədilə xaricdən idxala da geniş yer verilir.

Bakıvaxtı.az xəbər verir ki, ölkədə mütəmadi olaraq ərzaqlıq buğdanın dövlət ehtiyatlarının tədarükü ilə bağlı işlər görülür.

Bəs ərzaqlıq buğda ehtiyatı ölkəmizin tələbatını nə dərəcədə ödəyir?

Cəfər İbrahimli: Azərbaycanın taxılla bağlı məsələsində hansısa çətinlik yoxdur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Cəfər İbrahimli bildirib ki, Azərbaycanın ərzaqlıq buğda məsələsi olduqca vacib bir məqamdır:

“Ərzaqlıq buğda ehtiyacı 1,8 milyon tondur. Halbuki biz Rusiyadan və son illərdə də az bir hissəsini Qazaxıstandan olmaqla ildə təxminən 1,3 milyon ton taxıl idxal edirik. Dolayısı ilə yerdə qalan özümüz istehsal etdiyimiz taxıldan sadəcə 500 000 ton həcmində ərzaqlıq buğda kimi istifadə olunur. Ərzaq, buğda ehtiyacımızı bu şəkildə qarşılayırıq. Daxildə istehsal olunan buğdanın qalan hissəsi və 1 milyon tona yaxın buğdadan heyvan yemi kimi istifadə olunur”.

C.İbrahimlinin sözlrinə görə, istehsal etdiyimiz buğdanın keyfiyyəti aşağı olduğundan daha çox bunu idxal buğdası ilə həll etməyə çalışırıq:

“Azərbaycanda əsas prioritet məsələ bu sahədə ərzaqlıq buğdanın yetişdirilməsini, həcmini, miqdarını artırmaqdır. 2022-ci ildən ölkə rəhbərinin fərmanına əsasən bu istiqamətdə işlər görülməkdədir. Bu mənada ərzaqlıq buğdanı təmin etmək üçün fermerlərə və böyük təsərrüfatlara suvarma sisteminin güzəştli qurulması və digər məsələlərin həlli istiqamətində addımlar atılmaqdadır. Yetişdirilən ərzaqlıq buğda isə Dövlət Ehtiyatları Agentliyinə və dəyirmanlara verilə bilər”.

İqtisadçı qeyd edib ki, təxmini məlumata görə Azərbaycanda kifayət qədər buğda ehtiyatı var və Dövlət Ehtiyatları Agentliyinin silolarında saxlanılır:

“Bu baxımdan deyə bilərik ki, həm ərzaqlıq buğda istehsalı prioritetimizdir, həm də yaxın ölkələrdən buğda ala bildiyimiz üçün idxal məsələlərində ciddi problemimiz yoxdur. Öz istehsalımızı da artırıb ərzaqlıq buğda istehsalını illik olaraq 1 milyon tona çatdıra bilsək, hələlik bu göstəricilər normaldır. Hazırda Azərbaycanın taxılla bağlı məsələsində hansısa çətinlik mövcud deyil”.

Natiq Cəfərli: Biz özümüzü əmtəəlik buğda ilə tam təmin edə bilmirik

İqtisadçı Natiq Cəfərli isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanın taxıl fondunda təqribən 230-250 günlük taxıl ehtiyatı var:

“Amma problem odur ki, biz özümüzü əmtəəlik buğda ilə tam təmin edə bilmirik. Cəmi 25 faiz yerli buğda istehsalıdır. Qalan hissəsi ya Qazaxıstandan, ya da Rusiyadan idxal edilir. Əvvəllər Ukraynadan idxal edirdik, ancaq məlum olduğu kimi Ukraynada müharibəyə görə taxıl almaq məsələsi problemə çevrilib. Buna görə də son iki ildə ən çox Qazaxıstandan alırıq”.

N.Cəfərli vurğulayıb ki, idxal etmək və ehtiyatda saxlamaq bir-biri ilə bağlı məsələlərdir.

“Ehtiyat azalanda təbii ki, taxıl almaq lazımdır. Ehtiyat yaxşı vəziyyətdə olanda, dünya bazarında qiymət yüksələndə isə təbii ki, idxalı azaltmaq olar”, - deyə Natiq Cəfərli əlavə edib.


MANŞET XƏBƏRLƏRİ