Azərbaycanda əmək bazarında mühüm dəyişikliklər gündəmdədir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, ölkədə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur və bu istiqamətdə Əmək Məcəlləsinə dəyişikliklər hazırlanır. Bu yeniliyin əmək münasibətlərində daha çevik və şəffaf mexanizmlər yaratmaq, qeyri-formal məşğulluğun qarşısını almaq və əmək bazarını müasir tələblərə uyğunlaşdıracağına dair ümidlər də var.
Saatlıq əməkhaqqı sistemi vətəndaş üçün hansı üstünlükləri gətirə bilər? Dünyada bu modelin tətbiqi hansı nəticələri verib? Ən əsası isə, əmək bazarı iştirakçısı üçün hansı model sabit maaş, yoxsa saatlıq ödəniş daha sərfəlidir?
Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, saatlıq əməkhaqqı sisteminin həm üstün, həm də mənfi cəhətləri var:
“Bu keçid mürəkkəb və mərhələli şəkildə həyata keçirilməlidir. Əvvəlcə hüquqi əsaslar yaradılmalı, iqtisadi tədqiqatlar və statistik təhlillər aparılmalıdır. Əmək Məcəlləsinə ciddi dəyişikliklər edilməli, digər normativ hüquqi aktlarda da müvafiq düzəlişlər nəzərdə tutulmalıdır. Eyni zamanda, mövcud infrastrukturda yeniliklərə ehtiyac var, texniki dəstək göstərilməli və monitorinq-nəzarət mexanizmləri qurulmalıdır.
Eldəniz Əmirov
İşəgötürənlərin bu sistemə uyğunlaşması üçün maarifləndirmə tədbirləri vacibdir. Ümumilikdə isə bu, çətin və vaxt aparan bir prosesdir”.
Ekspertin fikrincə, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinə bu mərhələdə əlavə dəstək göstərilməlidir:
“Çünki bu sistem mikro və kiçik sahibkarlar üçün həm maliyyə, həm də inzibati baxımdan ciddi yük yarada bilər. İşçilərin sayında azalma baş verə, məhsuldarlığa müəyyən mənfi təsirlər müşahidə oluna bilər. Digər tərəfdən, bu model şəffaflıq üçün geniş imkanlar yaradacaq və qeyri-formal məşğulluğun qarşısını almaqda rol oynaya bilər. Dünyada bu sahədə fərqli təcrübələr mövcuddur. Məsələn, ABŞ, Yeni Zelandiya, Kanada, Böyük Britaniya və bəzi digər ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş şəkildə tətbiq olunur. Almaniya, Fransa, İspaniya və Türkiyə kimi ölkələrdə əsasən aylıq əməkhaqqı modeli üstünlük təşkil edir”.