Haradan kredit götürmək daha sərfəlidir? – Üç variant var...


Maddi ehtiyaclarını qarşılamaq üçün vətəndaşlar çox zaman üç maliyyə mənbəyinə üz tuturlar: banklar, bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar.

Bəs bu alternativlərdən hansı daha etibarlı və sərfəlidir?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, vətəndaşlar BOKT-lardan daha qısa və rahat yolla kredit götürə bilirlər:

“Vətəndaşlar bank olmayan kredit təşkilatlarından daha qısa yolla kredit götürə bilirlər. Bunun üçün müxtəlif sənədlər tələb olunmur.

Lombardda isə hansısa dəyərli əşyanın girov qoyulması müqabilində kredit götürmək mümkündür. Təbii ki, lombardlarda və BOKT-larda faiz yüksək olur və hansısa güzəştli kredit əldə etmək mümkün olmur.

Lakin tələb olunan şərtlərin banklara nisbətən daha asan və əlçatan olması vətəndaşların BOKT və lombardlara tələbi daha çoxdur. Türkiyə və digər ölkələrə baxsaq, kreditlərin mühüm hissəsi real iqtisadiyyata yönəlir. Lakin bizdə həmin ölkələrdə olduğu qədər deyil. Vətəndaşlar daha çox istehlak kreditlərindən istifadəyə üstünlük verirlər”.

Ekspert qeyd edib ki, bankların və bank olmayan kredit təşkilatlarının özünəməxsus riskləri var:

“BOKT-lar kreditləri girov müqabilində verdiyi üçün, onlar üçün risk payı müəyyən qədər azdır. Tələbi nəzərə alsaq, onların tənəzzül etmə ehtimalları xeyli aşağıdır.

Lakin bank olmayan kredit təşkilatlarının inkişaf etmək ehtimalları məhduddur. Son dövrlər qanunvericilikdə BOKT-larla bağlı bir sıra dəyişikliklər də nəzərdə tutuldu. Lakin bank olmayan kredit təşkilatlarında verilən kreditin faizi yüksəkdir. Bu səbəbdən, bir sıra vətəndaşlar ənənəvi banklardan kredit götürməyi daha sərfəli hesab edir.

Amma nəzərə almaq lazımdır ki, banklarda problemli kreditlərin faizi də artmaqdadır. Bu isə banklar üçün müəyyən risklər yaradır. Əks tərəfdə, yəni BOKT-larda isə yeganə risk amili onların müştəri bazasının azalması ola bilər”.


MANŞET XƏBƏRLƏRİ