Dollar dəyərdən düşür? - Digər dövlətlərin də oxşar addımı atması gözləniləndir


ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının ayrı-ayrı ölkələrə tətbiq etdiyi tarif siyasəti ilə müzakirələr daavm etməkdədir.

Turkustan.az bildirir ki, əksər ölkələr Trampın bu qərarına etiraz ediblər. Tramp isə atılan addımın yerli istehsalı artıracağını və büdcəyə milyard dollarla vəsaitin daxil olacağını açıqlayıb.

Müzakirələrə görə, Trampın tarif siyasəti fonunda ayrı-ayrı ölkələrin atacağı cavab tədbirləri dolların zəifləməsinə və dəyərdən düşməsinə səbəb olacaq. Doğrudanmı, dollar dəyərdən düşə bilər?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Trampın həyata keçirdiyi tarif dəyişiklikləri dolların mövqeyinin daha da güclənməsinə hesablanıb. Ölkələr üzrə idxal olunan məhsulların gömrük rüsumlarının müəyyən faiz artırılması bazarda olan yerli şirkətlərin və istehsalçıların mövqeyinin güclənməsinə və sığortalanmasına səbəb olacağı nəzərdə tutulub.

V.Oruc bildirib ki, Amerika iqtisadiyyatı heç də göründüyü kimi güclü deyil. ABŞ-nin trilyard dollarla ölçülən borcları var. Bu gün dünyada siyasi və dominant güc mövqeyində olsa da, hazırkı proseslər iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun getmir:

“Belə ki, dünyada əlavə güc mərkəzləri yaranıb. Bu güclər əsasən iqtisadi güclərdən ibarətdir. Çin, Avropa, Rusiya və yeni amil kimi Türk Birliyi meydana çıxıb. Bu amillər Amerikanın daxili, xarici və iqtisadi siyasətində müəyyən korrektələrin aparılmasını zəruri edir. Tramp hakimiyyətə gələndən sonra iqtisadi güc olaraq meydanda Amerikanın öz gücünü itirməməyə çalışır. Lakin bu cür meyllər əks təsirlərə səbəb olacaq. Çünki sözügedən dövlətlərə qoyulan gömrük rüsumları onların Amerikada fəaliyyət göstərməsinə çox ciddi problemlər yaradır. Nəticədə yerli bazarda rəqabətdən geri çəkilməyə məcbur olurlar. Bu baxımdan digər dövlətlərin də oxşar addımı atması gözləniləndir".

İqtisadçının fikrincə, dünya iqtisadiyyatında Amerika dollarının mövqeyi mühüm rola malikdir. Əgər dollara qarşı hansısa əks addım atılarsa, Amerika bu addımları cavabsız qoymayacaq. Beləliklə, mövqe mübarizəsi daha da qızışacaq.

Vüqar Oruc: Dollara qarşı hansısa əks addım atılarsa, Amerika bu addımları cavabsız qoymayacaq

Həmsöhbətimiz qeyd edib ki, hazırda avronun mövqeyinin güclənməsi bu mübarizənin nəticəsidir. Avronun alternativ və işlək xarici valyuta kimi güclənməsi dolların mövqeyini sıxışdıra bilər. Lakin bazarda dollar hələ də dominant mövqedədir. Onun sözlərinə göə, ümumdünya qlobal inflyasiya nəticəsində bütün milli valyutaların dəyərində baş verən dəyişikliklər son nəticə olaraq, ABŞ dollarının qüvvədə qalmasına köməklik göstərəcək.

“Dolların dəyərinin ciddi şəkildə düşəcəyi inandırıcı görünmür. Düzdür, hazırkı dollar əvvəlki dollar deyil. Təbii ki, əvvəlki dəyərindən çox fərqlənir. Buna baxmayaraq, dollarla bağlı ciddi problemlərin yaşanacağı gözlənilmir", - Vüqar Oruc əlavə edib. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ