Dünya ölkələri arasında iqtisadi gərginlik artıb.
Xüsusilə də böyük güclər - ABŞ, Çin, Rusiya kimi ölkələr arasında "iqtisadi savaş" yaşanır. Bu savaşın birinci mərhələsi “tarif müharibələri”dir. Yəni ölkələr bir-birindən gələn mallara əlavə gömrük rüsumları tətbiq edirlər ki, öz yerli istehsalçılarını qorusunlar. Amma bu ticarət gərginliyi artıq valyuta müharibəsinə çevrilmək üzrədir.
“Valyuta müharibəsi” nədir? Əgər bir ölkə öz valyutasını bilərəkdən ucuzlaşdırırsa, bu, o deməkdir ki, onun malları xarici bazarda daha ucuz görünür. Belə olan halda həmin ölkənin ixracı artır, yəni daha çox mal sata bilir. Başqa ölkələr isə bundan narahat olur və cavab olaraq öz valyutalarını zəiflətməyə başlayır. Beləcə, valyuta üzərində gizli bir “yarış” başlayır.
Məsələn: ABŞ Çin mallarına əlavə vergi qoyur, Çin buna cavab olaraq milli valyutası olan yuanın dəyərini azaldır. Nəticədə Çin malları yenə də ucuz qalır və ixrac davam edir, hətta artır. Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?
"Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı- ekspert Azər Badamov bildirib ki, ABŞ-nin təqdim etdiyi yeni rüsum siyasəti dünya iqtisadiyyatının işləmə mexanizmini ciddi şəkildə silkələyib.
O qeyd edib ki, bu tariflər ABŞ-yə daha çox mal idxal edən ölkələrə qarşı yüksək, az miqdarda idxal edən ölkələrə isə daha aşağı səviyyədə tətbiq olunur:
"Hətta Rusiya, Belarus və Şimali Koreya kimi ölkələr ABŞ-nin rüsum siyahısına daxil edilməyib. Bu da həmin ölkələrin sanksiyalar altında olması və ABŞ ilə ticarət dövriyyəsinin son dərəcə aşağı səviyyədə olması ilə əlaqələndirilir". Millət vəkili ABŞ-nin rüsum siyahısında Azərbaycanın da adının olduğunu və ölkəmizdən idxal ediləcək məhsullara 10 faiz tarif tətbiq ediləcəyini xatırladıb:
“Məsələyə münasibət bildirərkən, ilk növbədə Azərbaycan–ABŞ ticarət dövriyyəsinin strukturuna diqqət yetirməliyik. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 1,7 milyard dollar təşkil edir. Bu dövriyyənin cəmi 135 milyon dolları Azərbaycandan ABŞ-yə ixracın payına düşür, qalan hissə isə ABŞ-dən idxal olunan məhsullardır. Azərbaycanın ABŞ-yə ixracı nisbətən az və rəqabətədavamlı olduğundan, yeni tariflər ixracımıza ciddi təsir göstərməyəcək. Yəni ABŞ-Azərbaycan ticarət-iqtisadi münasibətləri artan xətt üzrə inkişaf tempini qoruyub saxlayacaq”. Bununla belə, qlobal bazarlarda baş verən dalğalanmalar heç bir ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür:
“ABŞ-nin elan etdiyi “ticarət müharibəsi” dünya bazarlarında mal və xidmətlərin qiymətlərinə təzyiq göstərəcək. Nəticə etibarilə, dünya bazarında baş verən qiymət artımları daxili bazarda da idxal məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, milli valyutamız – manatın dəyərinin sabit qalacağı gözlənilir. Çünki Azərbaycan Mərkəzi Bankının apardığı pul-kredit siyasəti manatı xarici təsirlərdən qorumağa imkan verir və bu, valyuta sabitliyinin qorunmasında mühüm rol oynayır”.
Səbinə Uğur
"Cebheinfo.az"