Kartofun qiymətində fantastik artım: Səbəb nədir?


Artıq xeyli vaxtdır ki, ölkədə kartofun qiymətində kəskin artım müşahidə edilir. İki aya yaxındır ki, bazarlarda kartof alıcılara 1,70-2,2 manata təqdim olunur. Təzə kartofun qiyməti isə 4-5 manat arasında dəyişir. Qiymət artımına səbəb kimi bazarda yerli məhsulun az olması və idxalın azalması göstərilir.

Son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Ölkədə kartof əkin sahələrinin azalması da qiymətə təsir edir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Bakupost.az -a deyib ki, hazırda bazarda satılanlar anbarlarda saxlanılan yığılmış və depolanmış kartoflardır:

“Bu kartofun müəyyən saxlanma, daşınma və s. xərcləri var. Yəni məhsulun əkini, yığımı ilə yanaşı saxlanması da son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır. Anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır. Bu da qiymətin qalmasına təsir edir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov qeyd edib ki, istehsal olunan məhsul tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur:

“Yerli istehsal əhalinin tələbatını ödəmir. Biz həmin məhsulu xaricdən idxal edirik. Həmin ölkələrdə məhsulun topdan satışına təsir edən amillər sırasında qiymət artımı, logistika qiymətlərinin qalxmasını göstərə bilərik. Bu, məhsulun ölkəmizdə qiymət artımına səbəb olan faktlar arasındadır”.

V.Məhərrəmovun dediyinə görə, ölkə üzrə illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən müəyyən edilən normaya əsasən, adambaşına illik 107 kiloqram kartof düşməlidir. Son illərdə Azərbaycanda kartof istehlakı artıb. Bunun əsas səbəbi ət və süd məhsullarının qiymətlərinin kəskin bahalaşmasıdır. Nəticədə əhali daha çox kartof almağa üstünlük verir və kartofa olan tələbat sürətlə artır: “Burada həm ərzaq kartofu, həm də toxum materialı kimi istifadə edilən kartof nəzərdə tutulur. Hazırda ölkədə cəmi 998 min ton kartof istehsal edilir ki, bu da tələb olunan həcmdən xeyli azdır. Əvvəlki illərdə Azərbaycan əsasən, Rusiyadan kartof idxal edirdi. Lakin son zamanlar Rusiyada kartofun qiymətinin artması və ixrac imkanlarının məhdudlaşması səbəbindən ölkəyə Rusiyadan kartof gətirilmir. Üstəlik idxal bəzi şəxslərin nəzarətində cəmləşdiyi üçün onlar qiymətləri süni şəkildə artırırlar. Bu hazırda bazarlarda aydın şəkildə müşahidə olunur. Son illərdə Azərbaycanda kartof əkilən sahələr də əhəmiyyətli dərəcədə azalıb. Əgər 2005-ci ildə 70 min hektar ərazidə kartof əkilirdisə, indi bu göstərici 45 min hektara düşüb. Bu təxminən iki dəfə azalma deməkdir. Həmçinin əvvəllər ölkədə 1 milyon 200 min ton kartof istehsal olunurdusa, indi bu rəqəm 1 milyona belə çatmır. Bununla yanaşı, son 15 ildə Azərbaycan əhalisi artıb və istehlak tələbi yüksəlsə də, istehsal geriləyib. Kartofun məhsuldarlığı da aşağı düşüb ki, bu da maya dəyərinin artmasına səbəb olur”.

Ekspert bildirib ki, bu problemləri həll etmək üçün bəzi vacib addımlar atılmalıdır: İlk olaraq ölkə keyfiyyətli toxum istehsal etməlidir:

“Azərbaycanda kartof toxumu demək olar ki, istehsal edilmir və tələbatı ödəmək üçün kifayət deyil. Yerli toxum istehsalının genişləndirilməsi vacibdir. Ölkədə suvarma problemləri həll edilməlidir. Kartof suya çox tələbatı olan bitkidir. Son dövrlərdə suvarma problemləri səbəbindən məhsuldarlıq aşağı düşür. Suvarma sistemlərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi bu problemin həllinə kömək edə bilər”.

O vurğulayıb ki, inkişaf etmiş ölkələrdə xüsusi soyuducu anbarlarda kartof aylarla saxlanılır və keyfiyyətini itirmir. Azərbaycanda isə anbar çatışmazlığı ciddi problem olaraq qalır:

"Hər il ölkədə kartofun 20-30 faizi saxlama zamanı, 10 faizi isə sahədə xarab olur. Yəni ümumilikdə 40 faizə qədər məhsul itkisi yaşanır. Bu itkini azaltmaqla ölkənin daxili tələbatının əhəmiyyətli hissəsi qarşılamımış olar".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yerli istehsal müxtəlif mövsümlərdə yetişir. Həmin mövsümlərdə də istehsal olunan kartofun bir hissəsi ixrac edilir. Bu da ilin müəyyən dövründə kartof çatışmazlığına səbəb olur: “Bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı müşahidə olunur”.

Ekspertin sözlərinə görə, bu gün idxalçılar süni şəkildə kartof idxalını azaldaraq qiymətlərin bahalaşmasına şərait yaradırlar. Onlar çox kartof gətirib az qazanmaqdansa, az kartof gətirib çox qazanmağı üstün tutur: “Digər tərəfdən də idxalçılar ehtiyat edir ki, böyük həcmdə kartofu ölkəyə gətirəcəklər, ardınca da yeni kartof çıxacaq. Onların gətirdikləri kartofun qiyməti düşəcək və ziyana gedəcəklər. Yaza doğru getdiyinə görə sahibkarlar idxala həssas yanaşırlar. Ona görə də kartofun qiyməti bahalaşır”.

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycana İran, Rusiya və Türkiyədən kartof ixrac olunur. Bu ölkələrdə inflyasiya və alış-satış qiymətlərinin artması yerli bazara da təsir göstərir: “Hazırda kartofun qeyri-sezon dövrüdür. Bu qiymətlər əsasən, qeyri-sezon qiymətlərinə uyğundur. Mart və aprel aylarında sahədən məhsul tədarük edilmir. Tələbatın yüksək olması səbəbindən daha çox anbarlardakı məhsullar bazara çıxarılır. Tələb və təklif balansı isə qiymətə birbaşa təsir edir. Qarşıdakı aylarda yeni məhsullar bazara daxil olacaq və qiymətlərdə dəyişiklik gözlənilir. Lakin ümumi tendensiya onu göstərir ki, bu il tərəvəz qiymətləri ötən ildən daha yüksək olacaq".


MANŞET XƏBƏRLƏRİ