Neftin dünya bazarında qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından vacibdir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov neftin sürətlə ucuzlaşmasının Azərbaycana təsirlərini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, neftin qiyməti düşən zaman ölkəyə daha az valyuta daxil olur:
“Ümumi ixracatımızın 80%-dən çoxunu neft və neft məhsulları təşkil etdiyinə görə dünya bazarında neftin qiymətinin dəyişməsi bizə təsir edir. Sözsüz ki, neftin dünya bazarında qiymətinə qısa yox, uzunmüddətli dövr üçün baxılmalıdır.
Son qiymət enmələri qlobal ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır. Gözlənilir ki, bu, qlobal ticarətdə 330 milyard dollar azalmaya, qlobal iqtisadiyyatın daralmasına səbəb olacaq. Bu da neftə olan tələbin azalması və təbii olaraq qiymətlərin aşağı düşməsi deməkdir”.
İqtisadçı əlavə edib ki, xüsusən də yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir:
“Ancaq neftin dünya bazarındakı azalmaları həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşməsi üçün zəmin yaradır. Bu istiqamətdəki islahatlar son illərdə dərinləşib.
Eyni zamanda, son illər Azərbaycanın valyuta ehtiyatlarının ümumi daxil məhsulun həcmi qədər olduğunu nəzərə alsaq, “təhlükəsizlik yastığı” formalaşıb. Ancaq birmənalı şəkildə növbəti illərdə də neft Azərbaycanın əsas ixracı olaraq qalacaq”.