Elektromobil və hibrid nəqliyyat vasitələrinin idxalında tətbiq olunan güzəştlər, bu növ maşınlara olan marağın da artmasına səbəb olur. Ölkənin avtomobil bazarında bu tip maşınların bir çox modelləri alıcılara təklif olunmaqdadır.
Bəs görəsən, bu tendensiya yaxın gələcəkdə benzin və dizel mühərrikli nəqliyyat vasitələrinin satışına mənfi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacaqla işləyən maşınların idxalında heç də azalma yoxdur:
"Elektromobillərin idxalında özünü göstərən dinamika bu növ maşınların reklamının intensiv formada aparılması və dünya bazarında tələbatın xeyli artması ilə əlaqədardır. Amma gəlin biz Azərbaycan reallığına baxaq. Azərbaycanda elektromobillərə tələbat nə qədərdir? Azərbaycanda elektromobillərin hərəkət dinamikliyi nə qədərdir? Bütün bunlar ciddi suallardır. Ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri dedikdə, benzin və dizellə çalışan maşınları nəzərdə tuturuq. Digər tərəfdən, ölkəyə gətirilən taksilərdə qazla işləyən avtomobillərin sayında ciddi artım var. Bunu da unutmamalıyıq".
Ekspert diqqətə çatdırıb ki, elektromobil və hibridlərin ehtiyac hissələri və təmiri ilə bağlı özünü göstərən problemlər alıcı potensialına ciddi təsir göstərir:
"Elektromobil və hibridlərə gəlincə isə, bu növ avtomobillərə maraq isə bəzi faktorlara görə yetərincə deyil. Onların ehtiyat hissələrinin ölkəyə gətirilməsi, satışı, qiymətləri və təmir xərcləri ciddi suallar doğurur. Bunlar hamısı sürücüləri qayğılandıran faktorlardır. Bütün bunların hamısı alıcılar üçün elektromobil və hibrid maşınlara olan marağa təsir edir. Bu kimi səbəblərdən, yaxın gələcəkdə elektromobillərin benzin və dizellə çalışan nəqliyyat vasitələri ilə nisbətdə tələbatda üstünlük quracağını real görmürəm. Əsasən də yükdaşıma və sərnişindaşıma kimi sahələrdə ənənəvi yanacaqla çalışan elektromobil və hibrid nəqliyyat vasitələrinə keçid olduqca bahalı proseslərdir. Bu kimi məsələlərə görə xeyli bir müddət benzin və dizel yanacağı ilə çalışan maşınlara tələb öz nisbətini saxlayacaq".