Nüfuzlu “The Economist” jurnalına görə, “Big Mac” indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini deyir. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir “Big Mac” 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir.
Nəzərə alaq ki, “Big Mac” İndeksi qlobal valyutaların dəyərini müqayisə etmək üçün qeyri-rəsmi, lakin geniş istifadə olunan göstəricidir.
1 dollar əslində 1,08 manatdır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, istənilən valyutanın məzənnəsini şərtləndirən amillər var:
“Üstəlik, hər bir valyutanın real dəyəri, alıcılıq qabiliyyəti var. Misal üçün 10 manata biz Azərbaycanda və yaxud ABŞ-da nə ala bilərik?! Bununla yanaşı məzənnəyə təsir edən iqtisadi amillər var. Məsələn, ölkəmizin idxal-ixrac əməliyyatlarına baxsaq müsbət saldoda olduğumuzu görərik. Bu da manatın möhkəmlənməsinə şərait yaradır. Yəni istəsək, manatın məzənnəsini qaldıra bilərik. Təbii ki, bu üzən məzənnə rejimində mümkündür. Amma nəzərə alaq ki, manatın məzənnəsi adminstrativ yolla idarə olunur. Təsadüfi deyil ki, 10 ilə yaxındır ki, 1 manat 59 sent səviyyəsində saxlanılır.
Nəzərə alaq ki, bizim manatın məzənnəsi daha çox neft amili ilə bağlıdır. Neft bahalaşdıqca manat möhkəmlənir.
Amma nefti bir kənara qoysaq, bizim idxal-ixrac əməliyyatında mənfi saldo qaçılmazdır. Belə vəziyyətdə isə üzən məzənnəyə keçmək risklidir. Bu mənada “Big Mac” indeksi məcazi bir ölçü formatıdır. Bu formatın iqtisadi əsasları yoxdur. Bununla belə dollarla müqayisədə manatın məzənnəsinin 1,7 həddində saxlanılması doğru addımdır”.