Dollar çökür, yerinə başqa valyuta gəlir? – Böyük böhran gözlənir


Son zamanlar dollarla bağlı müxtəlif xəbərlər yayılır. Onlardan biri də ABŞ valyutasının çökə biləcəyi haqda proqnozların səsləndirilməsidir. Bundan başqa, kriptovalyutanın üstün mövqeyə çıxacağı deyilir.

Ekspertlər bildirirlər ki, Donald Tramp ABŞ-ı borclanmadan xilas etmək üçün rəqəmsal valyutaya keçirməyi hədəfləyir. Birləşmiş Ştatların bu gün 35 trilyon dollar dövlət borcu var. Bu borc getdikcə artdığı üçün hökumət təsirli addımlar atmağa məcburdur.

Bu, nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun sözlərinə görə, milli valyutasının güclü olması həmin dövlətin iqtisadiyyatının gücündən asılı olaraq müəyyənləşdirilir.

O deyib ki, dünyanın ən güclü iqtisadiyyatlarından biri məhz ABŞ-ın iqtisadiyyatıdır:

“Ümumdaxili məhsula və xalis sərvətə görə dünyada ən böyük, alıcılıq prioritetinə görə isə dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Adambaşına düşən gəlir də yüksək səviyyədədir, texnologiya inkişafı da. Bir çox ölkələrin həyata keçirdiyi xarici ticarətdə də onların valyutalarından istifadə edirlər. Dünyanın ən önəmli ehtiyat valyutası hazırda ABŞ dolları olduğu üçün valyutalarının belə rahatlıqla çökəcəyi məsələsi real görünmür”.

asif

Asif İbrahimov

İqtisadçının dediklərinə görə, son dönəmlərdə kriptovalyutanın ticarətlərdə ənənəvi hal alması Trampın bir neçə ay öncəki çıxışından asılı olaraq anidən ən pik həddə çatdı:

“Lakin düşünmürəm ki, bu, ABŞ valyutasının çökə biləcəyi haqqında məsələyə yardımçı olsun. Hər hansı ölkənin valyutasının güclü olması onun arxasında dayanan güclü iqtisadiyyatın olmasıdır. Bilirsiniz ki, ABŞ valyutası beynəlxalq ticarətlə yanaşı, bir çox ölkələrin də ikinci rəsmi valyutası hesab olunur”.

Asif İbrahimov deyib ki, Azərbaycan iqtisadiyyatı əsasən neft gəlirlərindən asılı olduğu üçün xarici ticarətin böyük hissəsini dollarla həyata keçirir:

“Bu da o deməkdir ki, ABŞ dolları məzənnəsinin dəyişməsi Azərbaycan iqtisadiyyatına da ciddi təsiri göstərməkdə davam edəcək. Qeyd edim ki, ərzaq və qeyri-ərzaq məhsullarının böyük hissəsini xaricdən idxal edirik. Hətta ölkədə istehsal etmədiyimiz məhsulların xammal və inqridientlərini belə xaricdən idxal etdiyimiz üçün ABŞ dollarının hər hansı çöküş və ya yüksəliş yaşaması Azərbaycan iqtisadiyyatına da öz təsirlərini gösətərəcək”.


MANŞET XƏBƏRLƏRİ