ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi 2025-ci il yanvar ayı üçün təqdim olunan hesabatında ətin qiymətini açıqlayıb. Hesabatda bildirilir ki, 2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat), qoyun əti 9.6 dollar (16.3 manat), quş əti 3.9 dollar (6.63 manat) olub.
Azərbaycanda isə ətin qiymətinin dünya ölkələrindəki ətin qiyməti ilə müqayisəsi aşağıdakı kimidir:
Mal əti 16-17 manat (9.4-10 dollar), qoyun əti 21-22 manat (12.3-13 dollar), quş əti 6.8-8 manat (4-4.7 dollar). Mal əti dünya qiymətlərindən 3-3.4 dollar, qoyun əti 2.8-3.4 dollar, quş əti 0.10-0.8 dollar bahadır.
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dünya bazarında olan qiymətlər orta birja qiymətləridir:
"Bizdə isə pərakəndə mağaza qiymətləridir. Birja qiyməti ilə pərakəndə mağaza qiymətini müqayisə etmək doğru olmaz. Çünki burada logistik xərclər, əlavə gəlir, rüsumlar, mağazaların özlərinin qazancları və s. var. Azərbaycanda qoyun və quzu ətinin qiyməti daha bahadır. Təzə quzu əti ilə dondurulmuş quzu ətini müqayisə etmək olmaz. Müqayisə xətalıdır. Bu cür müqayisə aparmaq doğru deyil. Məsələn, almanın rayonda qiyməti Bakı ilə fərqlidir, yəni çoxlu faktorlar var. Pomidorun bazarda qiyməti ilə marketlərdəki qiymətinin də arasında böyük fərq var. Deməyim odur ki, bu cür müqayisələr bir qədər yanlışdır. Yaxşı müqayisə o olardı ki, Azərbaycanda və dünyada qiymətlər nə qədər artıb”.
Xalid Kərimli Azərbaycanda ətin qiymətinin bahalaşmasının özünəməxsus amillərinin olduğunu xatırladıb:
"Ucuz ət Azərbaycana Ukraynadan gətirilir. Həm quşçuluq, həm də mal əti bizə oradan gəlir. Ukraynada müharibə gedir, buna görə bizə oradan ət gəlmir. İkincisi, Azərbaycanda saxlanılan qoyun və quzunun sayında son illərdə azalma müşahidə olunur. 2016-2017-ci ildə Azərbaycanda 8,7 milyon baş qoyun-keçi saxlanılırdısa, indi bu 7,8 milyona enib. Digər tərəfdən isə əhalinin sayı da artıb. Mal-qaranın da sayında 5-6% azalma var. Azərbaycanda təzə məhsulların qiyməti özümüzə məxsus faktorlar təyin edir. Qoyun-keçinin otlaq yerləri məhdudlaşırsa, məcburən heyvanlar bağlı yerdə qidalandırılırsa, qiymətlərin artması normaldır”.
Xalid Kərimli əlavə edib ki, dizel və benzinin qiymətinin qalxması ət məhsullarının da qiymətinə təsir göstərir:
"Eyni məhsulun fərqli qiymətləri ola bilər. Sənaye, topdansatış və mağaza qiymətləri fərqlidir. Təzə ətlə dondurulmuş ətin qiymətini müqayisə etmək, məncə, doğru deyil”.