Ölkəmizdə həyata keçirilən istənilən sosial layihə istehlak bazarındakı qiymətlərə birbaşa təsir edir. Bu bəzən obyektiv yox, subyektiv və hətta psixoloji amillərlə bağlı olur. İstehsal və xidmət sahələrində çalışanlar istənilən qiymət artımının anonsunu eşidən kimi hərəkətə keçirlər. Bu mənada yanvarın 1-dən etibarən kommunal xidmətlərin, eləcə də minimum pensiya və minimum əmək haqqının artması istehlak bazarına ciddi təsir edəcək.
Bəs, tikinti bazarında da qiymət artımı gözlənilirmi?
Suala daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, il yeni başladığından hələlik tikinti bazarında sabitlikdir:
“Amma bu sabitlik uzun sürməyəcək. Çünki, sosial qanunvericilikdə edilən dəyişikliklər, yəni minimum əmək haqqının və minimum pensiyanını, eləcə də elektrik enerjisinin, qazın və suyun qiymətlərinin artması digər sahələrlə yanaşı tikinti bazarında da qiymət artımına səbəb olacaq. Bu artımı daha çox yerli istehsal olan tikinti materiallarının qiymətində müşahidə olunacaq. Çünki enerji daşıyıcılarının artan qiyməti istənilən məhsulun maya dəyərinin bahalaşmasına səbəb olur.
Qiymət artımına əsas yaradan digər faktor isə Qarabağ və Şərqi Zəngəzurda tikinti işlərinin genişləndirilməsidir. 2025-ci ildə bu ərazilərin yenidən qurulmasına 4-5 milyard manat xərclənəcək. Bu qədər vəsaitin bazara daxil olması da təbii ki, qiymətlərə təsirsiz ötüşməyəcək”.
Müsahibimiz hesab edir ki, qiymət artımı tədricən olacaq:
“Qiymətlər əsasən mart ayından başlayaraq artacaq. Bu da onunla bağlıdır ki, yeni tikinti mövsümü başlayır. Artım təbii ki, idxal olunan materiallarda da müşahidə ediləcək. Xüsusən də, martdan başlayaraq taxta materiallarının qiyməti artacaq”.