Azərbaycanda son aylarda kartofun bahalaşdığı müşahidə edilir. Bahalaşma həm bazarlarda, həm də ayrı-ayrı mağazalarda qeydə alınıb.
Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərlə bağlı son hesabatında da kartof bahalaşan məhsullar arasında olub.
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda bu il kartof qıtlığı özünü daha tez göstərib:
"Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bilirsiniz ki, bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı daha tez özünü büruzə verib. Bu təbii ki, bütün yerli ehtiyyatların tükənməsi ilə bağlıdır. Yerli ehtiyyatlarla bərabər xaricdən kartof idxalı davam edir".
Ekspert vurğulayıb ki, kartofun kəskin bahalaşması gözlənilmir:
"Kartof elə məhsuldur ki, ətraf ölkələrdə çox geniş şəkildə becərilir və məhsuldarlıq yüksəkdir. Eyni zamanda bu kartofların maya dəyərində aşağıdır. Azərbaycanda kartofun qiymətinin artması indikator kimi ətraf bazarlara siqnal ötürəcək. Növbəti mərhələdə hesab edirəm ki, kartof idxalı artacaq. Bununla da qiymətlər yanvar, fevral və mart ayları üçün bir qədər sabitləşəcək. Kartofun həddindən artıq bahalaşmasını gzöləməyə dəyməz. Çünki ətraf ölkələrdə kartof əkini ilə məşğul olan fermerlər var. Kartof həmin ölkələrdə ucuz başa gəldiyinə görə Azərbaycana da o qədər baha gəlib çıxmır. Hazırda yaranmış vəziyyətin səbəbi aydındır. Məsələnin aradan qaldırılması gələn həftələrdə baş tutacaq".