Uçot dərəcəsi azaldıldı: Manatın məzənnəsi dəyişəcək?


ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 25 faiz bəndi azaldaraq illik 4.25-4.5% diapazonuna endirib.

Ekspertlərə görə, dünya bazarlarında faiz dərəcəsinin azaldılması dolları zəiflədir, ixrac iqtisadiyyatlarını dəstəkləyir, lakin Amerika valyutasında yüksək borcu olan ölkələrin durumunu çətinləşdirir.

Bəs görəsən, uçot dərəcəsinin aşağı salınması Azərbaycan manatına necə təsir edir?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uçot dərəcəsinin aşağı salınması ABŞ valyutasının dəyərinin nisbətən yumşadılması məqsədi daşıyır.

Onun sözlərinə görə, ABŞ valyutası xüsusən də prezident seçkilərindən sonra daha da möhkəmlənib:

"Pandemiyadan sonrakı dövrdə uçot dərəcəsini qaldırmaq siyasətini yürüdən FED artıq öz siyasətində dəyişiklik etməyə qərar verib. Ona görə də uçot dərəcəsi aşağı salınıb. Çünki dolların hədsiz möhkəmlənməsi Amerika iqtisadiyyatına elə də mənfəət gətirmir və ixracın məhdudlaşmasına yol açır. Bundan başqa, dolların möhkəmlənməsi neftin qiymətini qaldırır. Yanvarın 20-dən sonra hakimiyyətə gələn Tramp Adminstrasiyasının əsas məqsədlərindən biri dünya bazarında neftin qiymətinin ucuzlaşmasına nail olmaqdır. Bu baxımdan gələn il də uçot dərəcəsinin mərhələli şəkildə aşağı salınması gözlənilir".

Pərviz Heydərov: Gələn il də uçot dərəcəsinin mərhələli şəkildə aşağı salınması gözlənilir

P.Heydərov qeyd edib ki, FED-in vahid qərarları Azərbaycanın milli valyutasının məzənnəsinə birbaşa olaraq təsir etmir. Odur ki, bu məsələdə narahat olmağa dəyməz.

"Əmanətlərini dollar şəklində saxlayan vətəndaşlarımızın narahatlığına əsas yoxdur. Əgər neftin qiyməti aşağı düşərsə, bu halda narahat olmağa dəyər", - deyə iqtisadçı vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ