3 ilə yaxındır davam edən Rusiya-Ukrayna savaşının 2025-ci ildə bitəcəyinə dair proqnozlar verilir. Sirr deyil ki, müharibə səbəbi ilə bir çox ərzaq məhsulları sürətlə bahalaşdı. Ekspert və iqtisadçılar qiymət artımını məhz iki ölkə arasında gedən müharibə ilə əlaqələndirirlər.
Maraqlıdır, savaş bitdikdən sonra qiymətlər ucuzlaşa bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, müharibənin bitməsinin qiymətlərə təsiri olacaq.
O, növbəti ildə savaşın bitmə ehtimalının olduğunu qeyd edib:
“2025-ci ildə Rusiya-Ukrayna arasında gedən müharibənin dayanması və ya bitməsi ehtimalları kifayət qədər yüksəkdir. Amma bu o demək deyil ki, dərhal ərzaq məhsullarının bolluğu yaranacaq. Çünki müharibədən çıxmış ölkə olan Ukraynanın öz torpaqlarını hələ əkib-becərməsinə, ərzaq məhsullarının istehsalına başlaması üçün zamana ehtiyacı var. Hətta bu gün dünyanın ən çox mina basdırılmış ölkəsi məhz Ukraynadır. Orada milyon hektarlarla ərazi minalarla örtülüdür”.
Natiq Cəfərli
İqtisadçı deyib ki, hazırda mina səbəbindən orada əkin-biçin aparmaq çətindir:
“Minaların basdırılmasına baxmayaraq savaşın bitməsi psixoloji olaraq bazarlara təsir eləyəcək. Döyüş bitsə, onun gətirdiyi qiymət artımı dalğasında ərzaq məhsullarında müəyyən dərəcədə enmələr müşahidə edə bilərik. Yəni müharibənin başa çatması ümumilikdə pozitiv təsir edəcək. Amma bu, dərhal məhsul bolluğuna səbəb olmayacaq”.