Beynəlxalq birjalarda ABŞ dollarının məzənnəsi yeni zirvəyə yüksəlib. Əsas valyutalara qarşı ABŞ dollarının orta dəyərini əks etdirən Dollar İndeksi 107,8 səviyyəsinə çatıb. Bu, 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Dolların möhkəmlənməsi xüsusilə 2024-cü ilin sentyabr ayının sonlarından başlayaraq sürətlənib. Həmin dövrdə 99,9 həddində olan indeks son 3 ay ərzində 8 vahid artış göstərib. Ekspertlər bu tendensiyanı ABŞ iqtisadiyyatının möhkəmlənməsi, Avropa İttifaqında inflyasiyanın artması və bəzi regionlarda makroiqtisadi göstəricilərin zəifləməsi ilə əlaqələndirirlər.
Bəs, ABŞ dollarının beynəlxalq aləmdə güclənməsi manatın sabitliyinə təsir göstərə bilərmi? Uzunmüddətli perspektivdə valyuta bazarında hansı dəyişikliklər gözlənilir?
İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı Ajans.az-a açıqlamasında bildirib ki, ilin sonunda dolların qiymətinin artması hər il müşahidə edilən bir tendensiyadır. Bunun əsas səbəbi isə qarşılıqlı borcların ödənilməsi ilə bağlıdır:
"Bu ayın sonuna qədər Azərbaycan daxilində hərraca çıxarılan dolların həcmində ötən aya nisbətən bir qədər artım hiss ediləcək. İlin sonunda qarşılıqlı borcların ödənilməsi üçün dollara tələbat artır. Digər tərəfdən, dünyada böhran siqnalları var və insanlar ən güvənli valyuta kimi dollar toplamaq istəyirlər."
Bundan əlavə, iqtisadçı deyib ki, hazırda Azərbaycanda dollara tələbat ötən ilə nisbətən iki dəfə artıb. Akif Nəsirli indiki vəziyyəti 2015-ci ildəki devalvasiya ilə müqayisə edərək, ciddi fərqlərin olduğunu vurğulayıb:
"2015-ci ildə həm dolların qiyməti artırdı, həm də neftin qiyməti minimum həddə düşmüşdü. O zaman Mərkəzi Bankın dollar ehtiyatları tükənmişdi və devalvasiya qaçılmaz idi. Amma indi vəziyyət fərqlidir. Neftin dünya bazarındakı qiymətləri sabitdir və Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Buna görə də, Azərbaycan hökuməti manatın stabilliyini qorumağa qadirdir."
Hazırda ölkə daxilində dollara olan tələbat artsa da, iqtisadçı bildirib ki, yaxın bir il ərzində manatın məzənnəsi üçün ciddi bir təhlükə yoxdur. Lakin o, manatın məzənnəsinin bazar tərəfindən deyil, hökumət tərəfindən tənzimləndiyini xüsusi qeyd edib: "Hazırda iqtisadi təhlükə yoxdur. Amma nəzərə almalıyıq ki, manatın məzənnəsi hökumətin qərarlarından asılıdır. Buna görə də, hər an dəyişikliklərin baş verə biləcəyi ehtimalı mövcuddur."
Ümumilikdə, Akif Nəsirli bildirib ki, qlobal iqtisadi trendlər dollara tələbatı artırsa da, Azərbaycanın iqtisadi durumu manatın stabilliyini qorumağa imkan verir. Lakin hökumətin valyuta siyasətini dəyişmək imkanları da var. Hazırda isə buna ehtiyac olmadığı görünür.