"Bu gün inflyasiya dünya ölkələrində də var, lakin onlar vəziyyətdən çıxış yolunu tapa bilirlər. Azərbaycan isə bir sıra sahələrdə idxaldan asılıdır. Bu problem bazarda qiymətlərdə də əks olunur. Bir sıra ölkələr, xüsusən də bazara təsiretmə gücü olan mərkəzi banklar inflyasiya yüksək olanda uçot dərəcəsini artırmaqla tələbin həcmini aşağı salırlar. Yəni, bazara daxil olan pul kütləsini azaldırlar, bazar da tələbi azaldır və bununla da qiymət artımları istiqamətində müəyyən optimallaşmaya nail olunur. Amma bizdə inflyasiyanın strukturunda tələbdən qaynaqlanan təsir səviyyəsi çox aşağıdır. Buna görə də atılan addımlar real təsir göstərə bilmir”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, bank sektorunda inflyasiya dövründə kredit portfelinin genişlənməsi və ölkədə pul kütləsinin artımı baş verir:
“Bizim bazarın strukturu, statistikası bu ehtimalı zəiflədir. Həmçinin, uçot dərəcəsinin bazara təsiri də çox azdır. Eyni zamanda, hökumət də tədbirlər planında gecikir. Xüsusilə, yerli istehsalın dəstəklənməsi, rəqabətli istehsal mühitinin yaradılması, idxaldan asılılığın azaldılması lazımdır. Bu məsələlərə görə inflyasiyanın azalmasını nisbətən zəif templə müşahidə edirik”.