Trampın neft və qaz siyasəti qlobal enerji bazarında ciddi proseslərə gətirib çıxara bilər.
2025-ci ilin yanvarından ABŞ-nin prezident postunu tutacaq Donald Tramp son açıqlamasında bəyan edib ki, onun gələcək neft siyasəti neft ixrac edən ölkələr üçün ürəkaçan olmayacaq.
“Mənim neft ixrac edən ölkələrə pis xəbərim var. ABŞ mənim dövrümdə neft ixracını və hasilatını kəskin artırmağı prioritet hesab edir”, - deyə D.Tramp vurğulayıb.
Tramp ABŞ-nin qaz hasilatını da artıracağını bildirib:
“Biz eyni zamanda qaz hasilatını və ixracını da kəskin artırmağı nəzərdən keçiririk. Şübhəsiz ki, Bayden dövründə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına verilən lisenziyaların dayandırılması qərarı ləğv edilə bilər. ABŞ enerji bazarında əsas oyunçu olmalıdır”.
Maraqlıdır, Donald Tramp növbəti prezidentlik dövründə bu istiqamətdə addımlar atacağı təqdirdə bu, qlobal neft və qaz bazarında hansı ciddi dəyişikliklərə gətirib çıxaracaq? Bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu proseslər gözləniləndir.
“Növbəti Tramp administrasiyasının əsas prioritetlərdən biri ABŞ-nin neft hasilatını artırmaq olacaq. Sözsüz ki, bu, dünya neft bazarında neftə olan tələbatı azaltmaq və təklifi artırmaqla bərabər neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq.
ABŞ-nin digər əsas prioritetlərdən biri də alternativ enerji mənbələrinin yaradılmasıdır və Trampın dövründə buna çox diqqət artırılacaq. Bu neftin əsas idxalçısı olan Avropa ölkələrinin də hədəfidir.
Alternativ enerji mənbələrinin formallaşdırılması və neftdən asıllığın azadılması istiqamətində zəruri addımlar atılacaq.
Eyni zamanda ABŞ və Avropa ölkələri ilə yanaşı, Çinin də alternativ enerji mənbələri ilə bağlı planları mövcuddur. 2030-ci ilə qədər alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində önəmli işlər görüləcək.
Bunun özü də dünya neft bazarına təsir edəcək. Yəni, neftin qiymətinin ucuzlaşmasında mühüm rol oynayacaq.
O ki qaldı Trampın neft siyasətinin Azərbaycan iqtisadiyyatına təsirinə, bu, birinci ildə öz təsirini göstərməyə bilər. Amma əgər növbəti illərdə neftin qiymətinin ucuzlaşması davam edərsə, bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bununla, həm valyuta ehtiyatları azalacaq, həm də büdcənin formallaşmasında mühüm rol oynayan neft fondunun gəlirlərinin aşağı düşməsinə səbəb olacaq.
Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatı üçün çətin bir dövr başlayacaq.
Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatının şəxaləndirilmiş sistemə keçməsi istiqamətində daha çox işlər görülməli və qeyri-neft sektoruna daha çox investisiya yatırılmalıdır. Bu kimi tədbirlər Azərbaycanı gözlənilən təhlükələrdən sığortalayacaq”.