İki ölkə gecə ilə hücuma keçmişdi – 2003-cü il ssenarisi təkrarlanır?


ABŞ, Fransa və Britaniyanın Rusiyanın dərinliklərinə hücuma icazə verməsi Ukrayna müharibəsində ciddi yenilik hesab edilir. Diqqətçəkən məqam qərar verən üç ölkənin də, zərbə endiriləcək ölkənin də BMT TŞ-nin daimi üzvü olmasıdır.

Xatırladaq ki, 2003-cü ilin martında ABŞ-Britaniya müttəfiq qoşunları İraqa hücum etmək üçün BMT TŞ-nin 5 daimi üzvündən 3-ü (Fransa, Rusiya, Çin) buna qarşı çıxmışdı. Amma ABŞ və İngiltərə beynəlxalq hüququ ayaqlar altına alıb, gecə ilə İraqa hücuma keçdilər.

Bu dəfə də oxşar nümunə təkrarlana bilərmi? BMT TŞ Rusiyaya hücumla bağlı razılıq verməlidirmi? Beynəlxalq hüquq burada necə tənzimlənir? 5 daimi üzvdən 3-ü digər üzv ölkəyə hücum edə bilərmi? Hüquq buna icazə verirmi?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, ABŞ, Fransa və Britaniya Rusiyaya birbaşa hücum etmirlər:

“Ukrayna ona verilən raketlərdən istifadə edəcək. Yəni məsuliyyəti rəsmi Kiyev daşıyır. Beynəlxalq hüquqa görə, hər bir ölkənin özünümüdafiə hüququ var. Bu müdafiə hüququ təkcə öz ərazisini deyil, işğalçı ölkələri də nəzərdə tutur. Yəni belə olan təqdirdə həm Ukrayna, həm də Rusiya özünü müdafiə edə bilər.

ABŞ istehsal etdiyi bəzi silahlarla bağlı qaydalar tətbiq edir. Yəni onun icazəsi olmadan bu silahların istifadəsi mümkün deyil. Bu silahları alanlar da bu qayda əsasında alır. Ona görə indiki məqamda bu, təəccüblü deyil. Amma beynəlxalq hüquq Rusiyaya cavab zərbəsi vurmaq haqqı tanıyır”.


MANŞET XƏBƏRLƏRİ