Uğurlu karyera hər kəsin arzusudur. Hamı yaxşı müəssisədə işləyib, daha çox pul qazanmaq istəyir. Uğurlu karyeranın ilk pilləsində isə uğurlu iş müsahibələri dayanır. Amma aydındır ki, bütün müsahibələr heç də hər zaman uğurlu alınmaya bilir.
Bu siyahıda hətta dünyaca məşhur olan şirkət rəhbərlərinin adları da var. Bəzən kifayət qədər istedadlı, bacarıqlı və təcrübəli biri iş müsahibəsindən kəsildiyi halda, ondan daha az biliyə və bacarığa malik olanı uğur qazanır.
Mövzu ilə bağlı “Talent Staff and Business Solutions” şirkətinin rəhbəri, HR üzrə mütəxəssis Sevda Quliyeva "Yeni Sabah"a bildirib ki, hər bir şirkətin öz fəaliyyətə istiqamətinə və tələb olunan vəzifəyə uyğun müxtəlif meyarlar olur:
“Müşahidələr onu göstərir ki, işəgötürənlər ilkin olaraq, namizədlərin şirkətin strukturuna və ehtiyac duyulan vəzifələrə uyğun olmasına diqqət yetirirlər. Namizəd şirkətin koorperativ maraqlarına uyğun və şəxsi keyfiyyətləri yüksək olmalıdır.
Bəzi hallarda anlaşılmazlıqlar mümkün ola bilər. Əfsus, bəzən namizədlər öz CV-lərində məlumatları tam qeyd etmir. Məsələn, yüksək səviyyədə dil biliyi tələb olunur, amma müsabiqədə bunun aşağı olduğu nəzərə çarpır. Yaxud CV-də müxtəlif bacarıqlar və iş təcrübəsi qeyd edilir, lakin sonra məlum olur ki, sözügedən bacarıqlar yoxdur. Ola bilər ki,namizədin yüksək ali təhsili olsun, amma nəzərə alınmalıdır ki, hər sahənin öz tələbi var.
Əvvəldə qeyd etdiyim kimi, namizəd şirkətin strateji hədəflərinə və koorperativ mədəniyyətinə mütləq şəkildə uyğun olmalıdır. Hər şirkətin öz qayda-qanunlar var və həmin onlara əsasən işçi seçimini həyata keçirir. Əgər şirkət yüksək səviyyədə bir quruluşdursa, onun tələbləri də maksimum dərəcədə yüksək olur. Yeni fəaliyyətə başlayan şirkətlərdə isə vəzifədən asılı olaraq, ilkin kadrlara şans verilir, yaxud verilmir.
Bəzi riskli məqamlar var, kor-koranə şans yaradılmır. Namizədin şəxsi keyfiyyətləri, davranışları və keçmişi buna icazə verməlidir. İnsanlar var ki, müsahibə zamanı heç özünü düzgün ifadə etməyi belə bacarmır”.
Sevda Quliyeva qeyd edib ki, namizəd və işəgötürən bir sıra məsələlərdə ortaq məxrəcə gəlməyi bacarmalıdır:
“Bəzi hallarda istər dövlət, istərsə də özəl sektor kadr seçimi zamanı öz yaxınlarına üstünlük verir. Bu isə beyin köçünə səbəb olan amildir. Yaxud işçi seçimi zamanı əlavə imtahanlar salınır. Namizəd illərlə bu sahənin təhsilini alıbsa və müəyyən bacarıqları varsa, ona aidiyyəti olmayan hansısa fənlərdən imtahan verməsi zəruri deyil. Bu potensial kadrların cəlb olunmasında kifayət qədər çətinlik yaradır. Həmçinin güvən barədə şirkətlərin bir çoxu öz qohum və tanışlarına yönəlir. Biznes və sahibkarlıq sahəsi elədir ki, burada insanlar çox əziyyətlə bunu formalaşdırırlar. Onların dövlət qarşısında müxtəlif vergi öhdəlikləri və xərcləri var. Bunları nəzərə alaraq, şirkətlər yeni başlayan bir gəncə riskə gedib yüksək əməkhaqqı verə bilmir.
Yalnız o halda yüksək əməkhaqqı verilir ki, namizəd vəzifə tələbində qeyd olunan funksiyaları vicdanla yerinə yetirsin və göstəriciləri yüksək olsun. Ancaq bu hallarda ona vəd olunan əməhaqqı verilə bilir. Mən təklif edirəm ki, öncədən müsahibəyə gedən namizəd artıq öz potensialını bilirsə, müəyyən ortaq məxrəcə gəlməsi üçün çalışmalıdır. Həmçinin bu kimi razılaşmalar bağlanan müqavilədə də əks olunsa, hər iki tərəf üçün daha rahat olar”.