Azərbaycanla Ermənistan arasında hazırda sülh müqaviləsi ətrafında müzakirələr davam edir. Söhbət sülh mətnində olan iki-üç bəndin razılaşdırılmamasından gedir. Bu bəndlər üzərində danışıqlar davam etdirilir. Danışıqlarda ən real həll variantı isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız iddiaların aradan qaldırılmasından ibarətdir.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan tərəfi konstitusiya dəyişikliyinə getmədən sülh müqaviləsi imzalamağın mümkünlüyünü gündəmə gətirir:
“İddia edilir ki, imzalanacaq sülh müqaviləsi daxili qanunlardan üstün gücə malik olacaq. Hətta belə bir bəndin sülh razılaşdırılmasına salınmasından danışılır. Amma məsələyə fəlsəfi, ideoloji rakursdan, real pəncərədən baxdıqda isə proses heç də sadə görünmür. Çünki hökumətlər arasında sülh elan edildiyi halda, Ermənistanda sonradan dəyişəcək hakimiyyətin bu məsələlərə necə yanaşacağı sual altındadır”.
Politoloq hesab edir ki, Azərbaycan sülh müqaviləsini erməni xalqı ilə imzalamaq niyyətindədir:
“Ermənistan xalqı ilə sülh referendumdan keçir. Nikol Paşinyan referendum elan etməklə erməni xalqının öz gələcəyini necə görmək istədiyini təsdiq etməlidir. Bu halda imzalanacaq sülh müqaviləsi daha legitim olar. Beləliklə, gələcəkdə erməni siyasətçilərinin sülh müqaviləsinin bəndləri ətrafında spekuliyasiya etməsinin da qarşısı alınar”.
Zaur Məmmədova görə, sülh müqaviləsinin bütün bəndləri razılaşdırılsa belə orada referendum və konstitusiya dəyişikliyi yoxdursa, sənədin imzalanması sual altında qalır:
“Dekabrdan Bakı ilə İrəvan arasında danışıqlar yenidən davam edəcək. Hazırda bütün diqqət Bakıdakı COP29 tədbirinə yönəlib. Bundan sonra danışıqları müxtəlif formatlarda görmək mümkün olacaq”.