Ermənistanın COP29-a gəlməməsində üç səbəb – İşarə bu mərkəzlərdən verilib


COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil.

Ermənistan niyə indiyə qədər rəsmi bir cavab verməyib? İrəvanı tədbirdə iştirakdan çəkindirən səbəblər nələrdir? Rəsmi İrəvan son günə qədər COP29 tədbirinə qatıla bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi İrəvan son günə qədər bu barədə konkret qərar vermədiyini bildirmişdi:

“Əslində elə indi də Ermənistan konkret olaraq neqativ mövqe ortaya qoyub. Amma görünən odur ki, Ermənistan COP29-da iştirakdan imtina edib.

Ermənistanın hansı səviyyədə COP29-da təmsil olunmasından asılı olmayaraq, belə bir iştirakçılıq tərəflər arasında qarşılıqlı etimad mühitinin güclənməsinə kömək edə bilərdi. Hətta bəziləri düşünürdü ki, səfər çərçivəsində hansısa sənəd də imzalana bilər.

Yəqin ki, Ermənistan COP29-da iştirak etməməklə bağlı nə isə açıqlama verəcək və bunu özünün guya konstruktiv mövqeyindən müstəqil qərar kimi təqdim etməyə çalışacaq. Hətta mümkündür ki, İrəvan Bakını da ittiham etməyə çalışsın. Hər halda oxşar cəhdlər əvvəllər də olub”.

Kənan Novruzov

Ekspert deyib ki, Ermənistanın COP29-da iştirak etməməsini bir neçə məqamla əlaqələndirmək olar:

Birincisi, böyük ehtimalla bu qərar Qərbin, o cümlədən Fransanın təzyiqi nəticəsində verilib. Çünki əvvəldə dediyimiz kimi, Qərb dövlətləri başa düşürdülər ki, Ermənistanın COP29-da iştirakı qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edə bilər. Odur ki, bunun qarşısını aldılar.

İkincisi, ola bilsin, Ermənistan hakimiyyəti daxili ictimai rəydən narahat olub. Belə ki, Ermənistan rəsmilərinin Bakıya gəlməsi daxildə xüsusilə müxalif kəsimin narazılığına səbəb ola, hətta iqtidara qarşı aksiyalarla nəticələnə bilərdi. Ola bilsin, rəsmi İrəvan bu ssenarinin qarşısını almağa çalışıb.

Üçüncüsü, mümkündür ki, Ermənistan hakimiyyəti təhlükəsizlik məsələlərindən narahat olub.

Bütün hallarda, COP29-da iştirak İrəvan üçün münasibətlərin normallaşması istiqamətində daha bir addımın atılması üçün fürsət idi. Ermənistan bu şansı dəyərləndirə bilmədi.

Ermənistanın son anda COP-da iştirak etmək məsələsinə gəldikdə isə bu, inandırıcı görünməsə də, bütün hallarda istisna deyil”.


MANŞET XƏBƏRLƏRİ