CASCFEN sədrindən təklif və çağırış - FOTO


Nadir Azəri: Bəzi beynəlxalq qurumlar hansısa ölkələrdə “sözəbaxan siyasətçilər” yetişdirmək üçün deyil, ekoloji problemlərin həlli üçün daha çox maliyyə ayırsalar insanlığa xidmət etmiş olarlar

“Bu günlər daha bir mühüm tarixi anlara şahidlik edirik. Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Bu, olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin hesab edirəm ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi heç də təsadüfi, yaxud da təəccüblü deyil”.

Bunu “İki sahil”əaçıqlamasında“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

Onun sözlərinə görə, bu, əvvəla ona görə təəccüblü deyil ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək, hətta bu zaman ortaya nümunə qoymaq təcrübəsi var: “Digər bir tərəfdən, türklər hələ insanlığın yaranışında torpağa, təbiətə, ətraf mühitə diqqət və qayğı, həssas yanaşma ilə fərqləniblər. Məsələn, türk dünyasının məhşur dastanı olan “Kitabi Dədə Qorqud” Dastanından bir misal çəkmək istəyirəm. Dastanda deyilir ki, “Əgər torpağı əkmədinsə qorumağa, qorumadınsa əkməyə dəyməz”. Düzdür, bəzən burada “qorumağı” yalnız “düşmənin silahlı hücumundan qorumaq” kimi qəbul edirlər. Lakin hesab edirəm ki, ulularımız torpağın qorunmasını həm də torpağı, aşınmadan, seldən, sudan, vəhşi heyvanlardan qorumaq kimi də nəzərdə tutublar. Yəni bu, torpağa hərtərəfli yanaşmanı, sevgini təlqin edir ki, son nəticədə də özünü ümumilikdə təbiətə qayğı ilə yanaşmada təcəssüm etdirir. Bir sözlə, biz türklər tarixin o başından bu başına kimi təbiətə həssas yanaşmamız, ətraf mühitə qayğıkeş münasibətimiz ilə seçilmişik”.
Nadir Azəri deyib ki, noyabrın 11-də Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Bakıda “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında da bu məqamlar üzərində xüsusi dayanıb: “Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı Məsləhət Şurasının sədri Emine xanım Erdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” barədə ətraflı məlumatın verildiyi dəyirmi masadakı çıxışımda iki təklif də irəli sürdüm. Əvvəla CASCFEN sədri olaraq təklif etdim ki, Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı və Cənubi Qafqaz regionunu əhatə edən bir hərəkat yaransın. O hərəkata ekologiya ilə məşğul olub-olmamasından aslı olmayaraq gələcəyimizi düşünən bütün QHT-lər, elm adamları, ictimai xadimlər daxil olsun. Onu da qeyd etdim ki, rəhbərlik etdiyim CASCFEN ekologiya yönümlü təşkilat olmasa da bu prosesdə könüllü olaraq iştiraka hazırdır. Həmçinin, onu da dedim ki, təşkilatımızın üzvləri Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında ətraf mühitin təmizliyi istiqamətində addımlar atır, təşəbbüslərlə çıxış edirlər. Digər təklifim, daha doğrusu çağırışım isə bəzi beynəlxalq donor təşkilatları ilə bağlı oldu. Təəssüflər olsun ki, bu təşkilatlar hələ də hansısa ölkələrdə “sözəbaxan siyasətçilər” yetişdirmək üçün külli miqdarda qrantlar, maliyyələr ayırırlar. Lakin hesab edirəm ki, onlar bu addımdan əl çəkib, ekoloji problemlərin həlli üçün daha çox maliyyə ayırsalar insanlığa xidmət etmiş olarlar”.


MANŞET XƏBƏRLƏRİ