Bu gün Azərbaycanın Dövlət Bayrağı Günüdür. Ölkə tarixində hələ qədim dövrlərdən dövlətçilik ənənələri köklü olaraq formalaşıb. Lakin XX əsrin əvvəllərinə qədər mövcud olan dövlətlərin demək olar ki, hamısı sülalə dövlətləri idi. Həmin dövlətlər onun banisi olan sülalələrin adı ilə bağlı olub və bu səbəbdən də onların bayraqları üzərində ümumiləşmiş Azərbaycan simvollarına rast gəlmək olmur.
1918-ci ilin 28 mayında isə Azərbaycanda ilk dəfə respublika quruluşu yarandı. Və həmin quruluş – Azərbaycan Xalq Cümhuriyyəti ilk milli bayrağımızı qəbul etdi. Az müddətdə isə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduğu üçün bayraq da dəyişdirildi. Ümumilikdə isə XX əsrdə Azərbaycanın bayrağı nə az, nə çox, düz 12 dəfə dəyişib. Dövlət bayrağı günü ilə əlaqədar olaraq “Yeni Sabah” həmin bayraqlarla bağlı oxuculara maraqlı məlumatları təqdim edir:
Azərbaycanın Respublika olaraq ilk dövlət bayrağı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan olunandan bir ay sonra, yəni iyunun 24-də qəbul edilib. Həmin bayraq görünüş olaraq Osmanlının dövlət bayrağının oxşar olub. 1918-ci ilin noyabrın 19-da üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildib. Göy, qırmızı və yaşıl rənglərdən ibarət olan bayrağın üzərində, hazırkı bayrağımızdan fərqli olaraq, böyük aypara - yəni bütün üç rəngin üzərində özünə yer tapan aypara və səkkizguşəli ulduz təsvir olunub. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il aprelin 28-də bayrağımız dəyişdi. Həmin bayraq qırmızı rəngdə, üzərində aypara və beşguşəli ulduz vardı. Aypara bayrağın sapına yaxın və üzü də bayrağa tərəf idi.
1921-ci ilin may ayının 9-da qəbul olunan bayraq qırmızı rəngdə olsa da, aypara, ulduz əks olunmamışdı. Bayrağın sol küncündə və yuxarı hissədə yaşıl fon üzərində qısa şəkildə ərəb əlifbası ilə “AİŞC” – yəni Azərbaycan İctimai Şuralar Cümhuriyyəti yazısı yerləşdirilmişdi. Həmin vaxt Azərbaycanın dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası idi. 1922-ci il dekabrın 30-da Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu və latın qrafikalı əlifba ilə ərəb əlifbasının eyni hüquqa malik olması barədə qərar qəbul edildi. Buna görə də “ASSR” – Azərbaycan Sovet Sosialist Respublikası - abreviaturası bayrağın üzərində həm ərəb, həm də latın əlifbası ilə yazıldı. 1924-cü ilin dekabrında isə bayraq yenə dəyişildi. Bu bayrağın sol küncündəki yaşıl fon götürüldü. Yeni bayrağın üzərində oraq və çəkic şəkli ilə yanaşı aypara və beşguşəli ulduz təsviri də verildi. Bununla bərabər bu bayrağın da üzərində yenidən “AİŞC” abreviaturası əks olundu. 1930-cu ildən sonra bayrağın üzərindəki ərəb əlifbası götürüldü. Dövlətin adı ancaq latın qrafikası ilə göstərildi. Qırmızı bayrağın üzərinə latın əlifbası ilə AzSSR yazıldı. 1939-cu ildə latın əlifbasının dövlət əlifbası kimi ləğv olunması və kiril əlifbasının qəbul olunması bayrağı yenidən dəyişmək məcburiyyəti yaratdı. Və 1940-cı ildə bu dəyişiklik bayraqda da edildi. Məlum olmayan səbəblərə görə, bayrağın üzərində aypara və ulduz təsvirləri verilmədi. Yalnız oraq və çəkic təsvirləri əks olundu.
1952-ci ilin oktyabrında bayraq bir də dəyişdi. Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Azərbaycan Müttəfiq Respublikasının dövlət bayrağı ikirəngli üfüqi zolaqdan ibarət, oraq çəkicli bayraq kimi qəbul edildi. Bayrağın eninin dörddən üçünə bərabər olan birinci zolağı qırmızı, qalan hissədən ibarət ikinci zolaq isə göy rəngdə qəbul edildi. Amma 1956-cı ildə bayrağın üzərindəki oraq və çəkic şəkilləri bayraq sapından bir qədər mərkəzə doğru “qaçdı”. 1981-ci ilin martından isə digər müttəfiq respublikaların bayrağında olduğu kimi, Azərbaycan bayrağının da bir üzündən oraq və çəkic təsvirləri çıxarıldı.
1991-ci il fevralın 5-də isə Müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq bərpa olundu. Sadəcə, bu dəfə aypara və səkkizguşəli ulduz yalnız bayrağın qırmızı rəngi üzərində təsvir edildi.
yenisabah/az