Hesablama Palatasının auditoru INTOSAI Peşəkar Bəyanatlar Forumuna (FIPP) üzv seçilib


Azərbaycan Respublikası Hesablama Palatasının auditoru INTOSAI Peşəkar Bəyanatlar Forumuna (FIPP) üzv seçilib.
Misirin Qahirədə şəhərində keçirilmiş INTOSAI-ın İdarə Heyətinin 78-ci toplantısında Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Peşəkar Bəyanatlar Forumuna (FIPP – Forum for INTOSAI Professional Pronouncements) 3 yeni namizədin, o cümlədən Azərbaycan Respublikasi Hesablama Palatasının auditoru Hilal Hüseynovun üzvlüyü təsdiq olunub.

Qeyd edək ki, FIPP INTOSAI-ın standartlar çərçivəsinin qurulması və inkişaf etdirilməsi üzrə beynəlxalq ekspert qrupu olmaqla 2016-cı ildə XXII INTOSAI Konqresində daimi INTOSAI orqanı kimi yaradılıb.

Turkustan.az xəbər verir ki, FIPP dövlət sektoru üzrə audit standarlarının yaradılması ilə bağlı fəaliyyətində IFAC, IPSASB və IAASB kimi beynəlxalq təşkilatlar ilə fəal əməkdaşlıq edir, həmçinin INTOSAI-ın bütün alt qurumları tərəfindən müvafiq audit prinsiplər, standartlar və təlimatların yaradılması, təkmilləşdirilməsi və ləğvi ilə bağlı həyata keçirilən fəaliyyətləri koordinasiya edir.

FIPP üzvləri INTOSAI-ın Peşəkar Standartlar Komitəsi, Bacarıqların Artırılması Komitəsi və Biliklərin Paylaşılması Komitəsi tərəfindən 3 illik müddət üçün seçilir. FIPP onun sədri daxil olmaqla minimum 10 və maksimum 16 üzvdən ibarətdir.

FIPP üzvlərinin müxtəlif mərhələlərdən ibarət seçimində auditin əsas növləri (maliyyə, performans və uyğunluq) üzrə geniş təcrübə, IFPP (INTOSAI-ın standartları çərçivəsi) ilə tanış olma, milli və ya beynəlxalq səviyyədə standartların qurulmasında iştirak, auditin digər növləri (İT auditi, ekoloji audit və s.) üzrə təcrübə, audit metodologiyasının hazırlanması, auditlər üzrə rəhbərlik, beynəlxalq əməkdaşlıq, bacarıqların inkişafı, dövlət sektoru auditi üzrə təhsil və təlim, bacarıqlar çərçivəsinin/sertifikasiya proseslərinin inkişafı layihələri və s. kimi məsələlər nəzərə alınıb.


MANŞET XƏBƏRLƏRİ