“TRT İstanbul”un “Azərbaycan rüzgarı” proqramı Qarabağ Zəfərinə həsr olunub


Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin proqramı bu həftədə Qarabağ Zəfərinə həsr olunub. Proqram çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə şanlı Qələbəmizin ildönümü münasibətilə ərsəyə gələn "Azərbaycan rüzgarı" rəqəmsal musiqi albomunun təqdimatı olub.

Turkustan.az xəbər verir ki, verilişin əvvəlində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan muğamlarının və xalq mahnılarının yer aldığı albomda musiqilər kamançada Azərbaycan Əməkdar artisti, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev, pianoda Habil İsmayılov, nağarada Vəfadar Ramizzadə tərəfindən ifa edilib. “Sarı gəlin”, “Xarıbülbül”, “Mahur” muğamı, “Girdim yarın baxçasına” və “Qubanın ağ alması” adlı musiqilərin müşayiəti ilə proqramın müəllifi və aparıcı, İstanbul Universitetinin doktorantı Səidə Ömər tərəfindən Qarabağ xanın qızı Xurşidbanu Natəvanın, XIX əsr Azərbaycan şairi Qasım bəy Zakirin, Xalq şairləri Süleyman Rüstəmin və Səməd Vurğunun şerləri səsləndirilib.

Layihənin həyata keçirilməsi üçün Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü ifadə edən Səidə Ömər bildirib ki, “Azərbaycan rüzgarı”nın əsas hədəflərindən biri də qardaş ölkə Türkiyədə milli mədəniyyətimizi, ədəbiyyatımızı, xüsusilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısında yer alan muğamlarımızı, eləcə də xalq və bəstəkar mahnılarımızı doğru təbliğ etməkdir. Bu albomda yer alan musiqilər məhz dinləyicilərin istəkləri nəzərə alınaraq ərsəyə gəlib və "Azərbaycan rüzgarı" rəqəmsal albomunun “TRT İstanbul” radiosunun arxivində yerləşdirilməsi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ