“Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması, sadəcə, iki ölkə arasında münasibətlərin deyil, eyni zamanda, bütün Türk dünyasının gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Daşkənddə imzalanan bu sənəd çox vacib tarixi əhəmiyyətə malikdir. Çünki söhbət əlaqələrimizin tamamilə yeni səviyyəyə, yeni mərhələyə yüksəlməsindən gedir. Yəni, dövlətlərimiz arasında və ilk növbədə, ölkə prezidentləri arasında mövcud olan etimad, etibar, güvən, dostluq, qardaşlıq əlaqələri iki ölkənin yeni siyasi münasibətlər formatı formalaşdırğını göstərir. Bu da öz növbəsində, sadəcə, Azərbaycan və Özbəkistana, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya deyil, həmçinin Avrasiyada gedən proseslərə müsbət təsir göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva söyləyib.
Özbəkistanın hər zaman, o cümlədən ən çətin vaxtlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti, birmənalı və prinsipial mövqe sərgilədiyini qeyd edən Günay Əfəndiyeva bildirib: “Nümunə olaraq Türkiyə və Pakistandakı kimi, bu günədək Özbəkistanda da Ermənistan səfirliyinin açılmadığını göstərə bilərik. Yaxud 2008-ci ildə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) 62-ci Baş Assambleyasında Azərbaycanla bağlı 243 saylı qətnaməyə səs verən azsaylı ölkələrdən biri də Özbəkistan olub. Bu, bizim üçün çətin vaxtlar idi və Özbəkistan öz qardaş mövqeyini nümayiş etdirdi.
Bu gün artıq azad Qarabağa, Şuşaya müxtəlif səviyyəli səfərlərin həyata keçirilməsi, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, qarşılıqlı investisiyaların qoyulması bu müqavilənin imzalanmasının nəticələridir. Sənəd, həmçinin gələcək əməkdaşlıq üçün müxtəlif sahələrdə yeni imkanlar açır”.
Yaxın günlərdə Özbəkistanda keçirilən parlament seçkilərinin uğurla başa çatmasına da toxunan G.Əfəndiyeva vurğulayıb ki, bu seçkilər Özbəkistan dövlətinin demokratik dəyərlərə və şəffaflığa verdiyi önəmin, özbək xalqının öz iradəsini sərbəst şəkildə ifadə etməsinin, milli birlik ruhunun, Vətən sevgisinin açıq təzahürü idi. “Əminəm ki, Özbəkistanda yenidən formalaşdırılacaq parlamentin işi ölkədə bütün sahələr üzrə yeni uğurların başlanğıcı olacaq, davamlı sülh, sabitlik və tərəqqini dəstəkləyəcək. İnanıram ki, Özbəkistan Ali Məclisinin fəaliyyəti bundan sonra da ölkələrimiz arasındakı tarixi qardaşlıq bağlarının, hərtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə, həmçinin Türk dünyasında həmrəylik ideyasının, birlik və bərabərliyin daha da möhkəmləndirilməsinə töhfə verəcək”, - deyə o əlavə edib.