Fransa kəşfiyyatçılarının sərhədimizdə NƏ İŞİ VAR? – Təxribat planının PƏRDƏARXASI


Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Dünən Aİ-nin daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

Dünən yayılan kadrlar isə başqa mətləbləri üzə çıxardı.

Belə ki, indiyədək "müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, dünən sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Sərhəd kəndinə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.

Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Heç kimə sirr deyil ki, Fransa Ermənistandakı revanşist qüvvələrə dəstək verir. Bundan da məqsəd onları yeni müharibəyə sövq etməkdir. Bu kimi hərəkətlərlə Fransa çalışır ki, regionda sülh, əmin-amanlıq olmasın.

Görəsən, Fransa kəşfiyyatçılarının sərhədimizdə nə işi var?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Fransanın destruktiv fəaliyyəti artıq əməli işə keçməkdədir:

“Ermənistan cinahından istifadə edərək, Fransa Azərbaycana qarşı ciddi təxribatlar hazırlamaqdadır”.

Deputat qeyd edir ki, Azərbaycanın bu məsələyə ciddi reaksiyası olacaq:

“Çünki hər hansı bir şəkildə sərhədimizə müdaxilə olarsa, yaxud belə fəaliyyət intensivləşərsə, Azərbaycan da məsələ ilə bağlı özünün nəzərdə tutduğu, planlaşdırdığı prosesi gerçəkləşdirməli olacaq. Yəni dipliomatik səviyyədə Fransanın bu addımının ifşa olunması, onun sülhə maneə olan hərəkətlərinin beynəlxalq qurum və ictimaiyyətin diqqətinə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq. Azərbaycan sərhədləri onsuz da kifayət qədər ciddi şəkildə qorunur”.

“Fransaya erməni dövləti kimi yanaşmalıyıq”

F.Mustafa Ermənistan və onun himayədarlarının hər hansı bir şəkildə qarışıqlıq yaratmaq cəhdlərinin faydasının olacağını da düşünmür:

“Amma bütün hallarda ehtiyatlı olmalıyıq. Çünki bu dövlətin buna həyati məsələ kimi baxdığı və özünü ikinci erməni dövləti kimi təqdim etdiyi heç kimə sirr deyil. Ona görə də Fransaya erməni dövləti kimi yanaşmalıyıq. Bütün diplomatik fəaliyyətlərdə bu faktı qabartmalıyıq ki, sərhəddə atılan addımlar müşahidə deyil, birbaşa kəşfiyyat məsələsidir”.


MANŞET XƏBƏRLƏRİ