Bakı ilə tam razılaşmışıq, bundan sonra... – Paşinyan


Dünən parlamentimiz Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni ratifikasiya edib.

Turkustan.az xəbər verir ki, bu barədə Kazanda keçirilən BRİKS sammitində Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Almatı Bəyannaməsinin fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini aktivləşdirə biləcəyik.

Xüsusilə vurğulamaq istərdim ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu sənədlə bağlı qərarı nəhayət bütün narahatlıqları, Ermənistan Konstitusiyasında qonşu ölkələrə iddia edilən ərazi iddialarının mövcudluğu ilə bağlı bütün arqumentləri aradan qaldırdı”, - baş nazir bildirib.

Paşinyan əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən azı 80-90 faizi razılaşdırılıb:

“Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə riayət edilməsi, diplomatik münasibətlərin qurulması və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması artıq tam razılaşdırılıb.

Artıq bu gün razılaşdırılmış məzmunla saziş layihəsi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması üçün möhkəm zəmin yaratmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ