İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: Bakıdan nə istəyirlər?


Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın əsasnaməsini ratifikasiya edib. Paşinyanın müavini Mher Qriqoryan eyni addımın Azərbaycanın da atmasını gözlədiklərini deyir, erməni müxalifəti isə “Azərbaycan niyə əsasnamənin ratifikasiyası ilə bağlı heç bir addım atmır” sualını müzakirəyə çıxarıb.

Bu prosesdə iki məqam diqqət çəkir:

- Ermənistan niyə tələsir?
- Azərbaycan niyə səbrlə davranır?

Ermənistanın ratifikasiya etdiyi əsasnamə layihəsi 19 aprel razılaşmasında qeyd olunduğu kimi “sərhədin delimitasiyası prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə” əsaslanır və bu, delimitasiyanın Ermənistanın maraqlarına uyğun aparılmasını şərtləndirən amildir. İrəvan əsasnamənin hüquqi təsdiqinin bütün prosedurunu icra etməklə:

- SSRİ dağılanda mövcud olan xətlərin (sonuncu olan 1979-cu ilin xəritəsi) əsas götürülməsi, sovetlər dövründə ermənilərə verilən ərazilərimiz üzərində legitimlik əldə etmək üçün hüquqi baza yaradır;
- Tələsik imzalamaq istədiyi sülh sazişinin önündəki maneələrdən birini (razılaşdırılmayan maddələrdən birinin sərhədin delimitasiyasında baza prinsipi olduğu istisna deyil) qaldırmaq istəyir;
- Delimitasiyada baza prinsipinin sülh sazişində dəyişdirilməsi perspektivinə qarşı hüquqi istinad əldə edə biləcəyini düşünür;

Azərbaycan tələsmir, çünki 19 aprel razılaşmasında müəyyən edilən baza prinsipinin sülh sazişində dəyişdirilə biləcəyi qeydi var və saziş imzalanmadan əsasnamənin ratifikasiya edilməsi həm onun dəyişdirilməsi imkanlarını azaldır, həm də delimitasiyada İrəvanın maraqlarına uyğun hüquqi bazanı yaradır.

Asif Nərimanlı
publika.az


MANŞET XƏBƏRLƏRİ