Paşinyanın “Azərbaycana hücum etməyəcəyik” bəyanatının “sirri” – İrəvan narahatdır


Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, rəsmi İrəvan öz strateji siyasəti ilə bəyan edir ki, Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyəti yoxdur.

Baş nazirin belə deməsinə baxmayaraq, Ermənistanın revanşizm meylindən əl çəkmir. Paralel olaraq sürətlə silahlanır. Üstəlik, konstitusiya dəyişikliyinə getmir.

O zaman bu bəyanatı verməyinə hansı regional və qlobal proses səbəb olub? ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə, indi isə Paşinyana məktubundan doğan narahatlıq ola bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Nikol Paşinyanın açıqlamaları ABŞ prezidentinin məktubunda yer alan subyektiv yanaşmaların təsiri altında verilən və arxasında heç bir əməli addım dayanmayan söz yığınından başqa bir şey deyil:

“Təcavüzə hazırlaşmayan bir ölkənin sürətlə silahlanmasına və hücum silahları almasına nə ehtiyac var? Bəllidir ki, sülh təşəbbüsü və sülh üçün əsas baza prinsipləri ilə ilk dəfə, paradoksal olsa da Ermənistanın 30 illik işğalına son qoyan qalib Azərbaycan çıxış edib. Biz, bu günə kimi Ermənistanın real sülhdən yayınmaq və revanş üçün xarici dəstəkdən yararlanmaq cəhdlərindən başqa heç bir real addımın şahidi olmamışıq.

Elçin Mirzəbəyli

Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o zaman hansı səbəblərdən Ermənistan konstitusiyasında bu ölkənin müstəqillik bəyannaməsinə istinadən xalqın və dövlətin vəzifəsi kimi təqdim edilən Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək istəmir? Bu ki, həyata keçirilməsi mümkün olan addımlardır. Bunun üçün silahlanmaq, döyüşmək lazım deyil, sadəcə kağız üzərində dəyişiklik etmək lazımdır. Öz konstitusiyasından və digər hüquqi-normativ aktlarından beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə zidd olaraq, başqa bir ölkənin suveren ərazilərinə edilən iddiaları, hətta kağız üzərində də olsa da belə çıxarmaq istəməyən bir ölkəyə hansı məntiqlə etimad göstərib onunla sülh müqaviləsi imzalamaq olar?

Əgər doğrudan da Ermənistanın, Paşinyanın iddia etdiyi kimi təcavüzkar niyyəti yoxdursa, o zaman bunu hüquqi müstəvidə də nümayiş etdirsin. Sülh istədiyini əməli addımlarla sübuta yetirsin”.


MANŞET XƏBƏRLƏRİ