Əliyevin Kazanda daddığı çak-çak nədir? – FOTOLAR


Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XVI BRİKS sammiti keçirilir.

Oktyabrın 22-dən başlayan sammit ayın 24-dək davam edəcək. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 23-də Kazan şəhərinə gedib. O, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə sammitin “BRİKS+” formatında iştirak edəcək.

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRİK qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRİKS olub. 2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRİKS-ə qoşulub.

Qrupun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, lakin onun BRİKS+ olacağı düşünülür.

TASS-ın məlumatına görə, BRİKS sammitinin başlaması ərəfəsində Kazan hava limanı tematik bannerlərlə bəzədilib. Sammitin keçirildiyi günlərdə hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Turkustan.az modern.az-a istinadən verir ki, sammitə gələn xarici ölkə liderləri, eləcə də nümayəndə heyətlərinin rəhbərləri hava limanının VIP terminalında qarşılanır. Qarşılanma mərasimində Rusiya Federasiyasının rəsmi şəxslərilə yanaşı, rus və tatarların ənənəvi bayram paltarlarını geyinmiş qızlar da iştirak edirlər. Qızlar əllərindəki məzmeyidə olan duz-çörək və çak-çakı əcnəbi qonaqlara təqdim etməklə qonaqpərpərlik nümayiş etdirirlər.


Demək olar ki, Kazana gələn bütün yüksək vəzifəli qonaqlar çak-çak şirniyyatını dadmalı olublar. Qeyd edək ki, çak-çakın dadına baxan ali qonaqlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Məsud Pezeşkian, Çin lideri Si Cinpin və digər dövlət başçıları olub.

Bəs dünya liderlərinə təqdim olunan çak-çak şirniyyatı kimə məxsusdur və necə hazılanır?

Çak-çak tatarların ənənəvi şirniyyat növüdür. BRİKS sammiti Tatarıstan paytaxtında keçirildiyindən tədbirə gələn qonaqlar ənənəvi olaraq yalnız duz-çörəklə deyil, həm də çak-çakla qarşılanıblar.

Çak-çak şirniyyatı tatar mətbəxinin incilərindən sayılır. Eyni zamanda bu şirniyyat Tatarıstan Respublikasının vizit kartlarından biridir.

Azərbaycanda da bu ləziz təamı hazırlayan istehsalçı şəxslər var.

Çak-çak istehsalında un, yumurta, bal kimi təbii inqrediyentlərdən istifadə olunur. Şirniyyatın hazırlanması üçün əvvəlcə yumurta və süd qarışıqlı xəmir yoğurulur. Uzunsov formada doğranan xəmir hissələri qaynar yağda qızardılır. Bişmiş şirniyyatın üzərinə bal və şəkərdən hazırlanan şərbət əlavə olunur. Soyuduqdan sonra yemək üçün təqdim edilir.

Çak-çakın küncüdlü, günəbaxan tumlu, qoz və fındıqlı çeşidləri mövcuddur.

Qeyd edək ki, çak-çak Tatarıstanda məşhur olsa da, o, təkcə tatarlara məxsus şirniyyat növü sayılmır. Bu şirniyyat əksər türksoylu xalqların mətbəxində mövcuddur. Başqırdların, qırğızların, qaraqalpaqların, kumıqların, özbəklərin, çuvaşların, uyğurların, qazaxların, hətta Volqaboyu rusların milli kulinariyasında çak-çak növlərinə rast gəlinir.


MANŞET XƏBƏRLƏRİ