Soyuqda Bakı küçələrində qalanlar hara yerləşdiriləcəklər? - RƏSMİ


Soyuq qış fəslinə çox az qalıb.

Qışın sərt keçməsi bir qrup insan üçün xüsusilə təhlükəlidir.

Söhbət küçədə səfil həyatı yaşayan, evsiz insanlardan gedir. Kimsəzilərin sığınacaqla təmin edilməsi dünya praktikasında rast gəlinən haldır. Ölkəmizdə də bununla bağlı müvafiq addımlar atılıb. Ötən illərdə evsizlər üçün soyuq və qarlı havalarda müvəqqəti çadırlar quraşdırılıb, isti yerə və yeməyə ehtiyacı olanları yerləşdirilib.

Maraqlıdır ki, bu il sözügedən çadırlar olacaqmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq verilən məlumata görə, qurumun həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir:

"Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir".

Bildirilib ki, müəssisəyə qəbul olunanlara orada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir:

"Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Sığınacağa qəbul edilənlərin hər birinin vəziyyəti nəzarətdə saxlanılır, onlarla fərdi iş aparılır, daha sonra isə həmin şəxslər cəmiyyətə reinteqrasiya edilirlər. Müəssisəyə qəbul edilən hər bir şəxs üçün mütəxəssislər tərəfindən fərdi plan tərtib edilir və plana uyğun olaraq sosial reabilitasiyası həyata keçirilir".


MANŞET XƏBƏRLƏRİ