Bu il istilik tez verilə bilər: "5 gün ardıcıl..." - RƏSMİ


Bu il ölkəmizə qış tez gəlib.

Payızın ikinci ayı olmasına baxmayaraq, artıq bəzi rayonlarımıza qar da yağıb. Hazırda da ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya xidmətindən bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb. Nəticədə qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü: Qrızda 17 sm, Xınalıqda 13 sm, Qusar (Laza) 6 sm, Şahdağda 3 sm olub.

Təbii ki, vaxtından tez soyuyan hava bir sıra sosial problemləri üzə çıxarıb. Belə ki, ölkənin bir çox hissəsində vətəndaşlar mənzillərində istilik problemi ilə üzləşirlər.

Maraqlıdır, bu il istilik daha tez verilə bilərmi?

“Azəristiliktəchizat” ASC-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, havanın temperaturu noyabrın 15-dən əvvəl 5 gün ardıcıl 8 dərəcədən aşağı olarsa, məsələyə baxıla bilər:

"Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü ildə qəbul edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, 15 noyabr tarixində istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.

“Azəristiliktəchizat” ASC də bu qərara əsasən, balansında olan qazanxanaları məhz bu tarixlərdən etibarən işə salır. Əgər havanın temperaturu noyabrın 15-dən əvvəl 5 gün ardıcıl 8 dərəcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün də proqnozları nəzərə alınmaqla, qazanxanalar işə salına bilər". /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ