Uzunmüddətli evlilikdə niyə daha çox kişilər xəyanət edirlər? – Məşhur psixoloq


“Xəyanət uzunmüddətli evliliklərdə daha çox rast gəlinir”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun əsas səbəbləri barəsində danışıb:

“Tərəflərin hər hansısa birinin və ya hər ikisinin evlilik ərzində yorulması, gözləntilərinin təmin olunmaması, eləcə də istədiklərini almaması səbəbindən sevgi bitir. Lakin statistikaya əsasən, kişilər uzunmüddətli evlilikdə həyat yoldaşlarına daha çox xəyanət edirlər. Hətta son dönəmlərdə qadın xəyanətlərinin sayı artsa da, yenə statistik olaraq kişilərin xəyanəti daha çoxdur.

Mən də bu mövzuda araşdırma apardım. Müşahidələrimə və apardığım sorğuya əsasən, bir qənaətə gəldim. Bu isə məni həm həyəcanlandırdı, həm də düşündürdü. Ancaq bütün nəticələrdə olduğu kimi, bunda da istisnalar var və deyəcəklərim mütləq həqiqət deyil”.

Psixoloqun sözlərinə görə, qadınlar uşaqlarına görə daha az xəyanət edirlər:

“Yaradılışın verdiyi, tibbin də dəstəklədiyi qadının doğuş əsasında və əmizdirmə dönəmində övladı ilə yaşadığı təmas onlar arasında xüsusi bağ yaradır. Üstəlik, ana uşağı böyüdür və qayğı verir. Yəni, ana sevgi hissini övladlarına verir.

Məsələn, evli kişilər həyat yoldaşlarına xəyanət etdiyi qadının yanında uzun müddət qalmırlar. Kişilər hansısa qadınla bir müddət keçirdikdən sonra yenidən ailələrinə qayıdırlar. Əksər hallarda belə olur. Qadınların xəyanətinin az olmasının səbəbi isə övladları ilə qurduğu güclü bağdır. Ona görə də anaların böyük əksəriyyəti həyat yoldaşından keçsə belə, övladlarından keçib xəyanət edə bilmir”.

Həmsöhbətimizin fikrincə, kişi həyat yoldaşının artıq ona ehtiyacı olmadığını görəndə xəyanətə meyilli olur:

“Qadın isə övladlarının ona möhtac olduğunu bilir. Ona görə də övladlarını tərk etmir. Buna baxmayaraq, bir çox kişi kənarda ona ehtiyac duyulmasını, özünə olan tələbatı istəyir. Əslində, kişilərin xəyanəti başqa qadının yanında özünü doğrultmaqdır.

Kişi hələ də ona ehtiyac duyan qadınların olduğunu bilmək istəyir. Məsələn, kişinin gücü “10”, qadının gücü “12”-dirsə, artıq evdə zəif olur. Lakin kişi “8” səviyyəsində olan bir qadının yanında gedəndə, heç bir səy göstərmədən belə güclü görünür. Düzdür, qadının bənzər ehtiyacları var. Lakin onun övladları ilə arasında yaranan bağ daha güclü olur.

Kişilər isə qadınlar kimi uşaqlarına bağlı ola bilmirlər. Çünki proses tibbi olaraq qadın bədənində baş verir. Heç bir kişi övladına qadın qədər qayğı və sevgi göstərə bilməz. Beləliklə, qadın sevgi ehtiyacını həm də övladları münasibətilə ödəyir. Ona görə də kənar münasibətə vaxtı və ehtiyacı qalmır”.


MANŞET XƏBƏRLƏRİ