İstanbulda keçirilən görüşdə nələr müzakirə edildi, hansı qərarlar alındı? -ŞƏRH


İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilir.

İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edir.

İstanbulda 3+3 formatı çərçivəsində keçirilən görüşdə hansı mövzular müzakirə olunacaq?

Görüşdən hansı nəticələri gözləmək olar?

Görüşdəki nəticələr Azərbaycanı qane edəcəkmi?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.

Tural İsmayılov:

Politoloq bildirib ki, “İstanbulda keçirilən görüşdə bir çox mövzulara toxunulacaq və təbii ki, toxunulacaq mövzular içərisində hesab edirəm ki, özəlliklə regional əməkdaşlığın yeni formatlarının inkişafı nəzərdə tutulur. 3+3 formatı çərçivəsində bundan əvvəl də bir neçə görüşlər keçirilib və bütövlükdə bölgə üçün 3+3 formatının çox vacib önəmli və labüd bir format olduğunu düşünürəm. Bu format bölgə ölkələrinin bölgənin rifahı, inkişafı və eyni zamanda regionun siyasi iqtisadi dəyərini artırmaq üçün gələcək konseptual baxışlarını müəyyən edildiyi bir formatdır.

3+3 çərçivəsindəki görüşlərdə müzakirə mövzularının bəziləri açıqlanıb, bəziləri də görüş əsnasında müəyyən ediləcək.

Burada həm də Azərbaycanla Ermənistan arasında sülh imkanları müzakirə ediləcək, eyni zamanda görüşdə yəqin ki, Zəngəzur dəhlizi və regiondakı komunikasiya layihələri ətrafında müzakirələr aparılacaq. Ancaq həm bölgənin siyasəti, həm beynəlxalq münasibətlərə yanaşmada 3+3 formatında iştirak edən 5 ölkənin mövqeləri təbii ki fərqlənə bilər”.

Politoloq əlavə olaraq bildirib ki, “əsas məsələ odur ki, vahid bir dialoq platformasında bir araya gəlib fikir fərqliliklərinə hörmət etmək, eyni zamanda da hər bir ölkənin, dövlətin alacağı qərarlara da hörmətlə yanaşmaq lazımdır.

Bu baxımdan 3+3 çərçivəsində İstanbulda keçirilən görüşün vacib əhəmiyyətə malik olduğunu düşünürəm. Çünki hazırda dünya iqtisadiyyatı dünyanın fərqli coğrafiyasında baş verən savaşlar və hər an baş vermə ehtimalı yüksək olan gələcək potensial savaş risklərinə qarşı birləşməlidir.

Müxtəlif regional əməkdaşlıq formatları mövcuddur. O baxımdan 3+3 formatı çərçivəsindəki əməkdaşlıq formatının da uğurlu olduğunu düşünürəm”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ