Metroda xaotik vəziyyət: Bütün yükü o çəkir, bəs başqaları?


Son günlər “Bakı Metropoliteni”ndə həddindən artıq sıxlıq müşahidə olunur.

Xüsusilə də günün pik saatlarında qatarlara minmək olmur.

Stansiyalarda böyük insan izdihamı yaşanır. Gələn qatarların da həddindən artıq dolu olması səbəbilə insanlar minməkdə çətinlik çəkirlər.

“Bakı Metropoliteni” hər dəfə gediş haqqını artıranda xidmət səviyyəsinin yüksəldiyini iddia edir, amma real mənzərə tamam başqadır. Artıq vaqonlara minmək inanılmaz dərəcədə çətinləşib.

Son zamanlarda sosial şəbəkələrdə paylaşılan şəkillər, tez-tez qatarlarda yaranan problemlər və intervalların çox olması hamıya məlumdur.

Üstəlik, taksilərin qiymətinin bahalaşması, avtobusların olduqca gec gəlməsi, şəhərdəki uzun tıxaclar da sözügedən nəqliyyat vasitələrindən istifadə edən insanları metroya yönəldir. Bu isə metroda daha da sıxlığın yaranmasına gətirib çıxarır. Reallıq budur ki, hazırda metro paytaxtın bütün sərnişin yükünü çəkir.

Lakin bu işin öhdəsindən lazımi şəkildə gələ bilmir. Əks halda, hər gün iş saatı bitən ərəfələrdə “28 May”, “Nizami”, “Elmlər Akademiyası” və “Koroğlu” kimi stansiyalarda xaotik vəziyyətdə izdiham olmazdı.

Bəs metrodakı bu problemi həll etmək üçün hansı addımlar atılmalıdır?

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı “Cümhuriyyət”-ə açıqlamasında bildirib ki, paytaxt Bakı şəhəri həddindən artıq yüklənib:

“Universitetlərin açılması və rayonlardakı işsizlik problemlərinə görə Bakıya axın yaşanır. Bu isə şəhərin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Ona görə də paytaxtın yollarında çox ciddi tıxac problemi, metroda isə dəhşətli sıxlıq var.

Saatlarla yollarda nəqliyyatın iflic olması, metroda isə kəskin sıxlıqdan əziyyət çəkirik. Bu problemləri aradan qaldırmaq üçün müəyyən addımlar atmaq lazımdır”.

Həmsöhbətimiz bununla bağlı təkliflər də verib:

“İlk növbədə, Bakı şəhərində daha çox metro stansiyası tikliməlidir. Düşünürəm ki, ən azı 20 yeni stansiya lazımdır.

Yeni metro stansiyaları tikildikcə, digər stansiyalardakı sərnişin yükü də azalacaq. Üstəlik, yeni stansiyaları daha çox yaşayış məskənləri olan yerlərdə tikmək lazımdır. Hətta Sumqayıtla Bakı arasında da metro xətti çəkilə bilər. Bununla da metrodakı indiki xaotik vəziyyəti aradan qaldırmaq mümkündür..

Bundan əlavə, Bakı metrosunda qiymətin artması ilə keyfiyyət adekvat deyil. Keyfiyyəti deyil, gediş haqqını artırmaqla heç nə dəyişməz. Metrodakı problemlər artan tendensiya ilə davam edir və vəziyyət hər gün ağırlaşır. İnsanlar da əziyyət çəkir. Ona görə də mütləq şəkildə addımlar atılmalıdır”.

Niyaməddin Orduxanlı qeyd edib ki, metrodakı sıxlığı azaltmaq üçün avtobusların da sayını artırmaq lazımdır:

“Yeni avtobuslar alınmalı və yeni avtobus xətləri açılmalıdır.

Eyni zamanda, metronun yükünü azaltmaq üçün mövcud xətlərə daha çox avtobus buraxılmalıdır. Hazırda insanlar işdən çıxandan sonra avtobus tapa bilmədiyi üçün metroya yönəlirlər. Çünki metronun zaman cəhətdən daha münasib olduğunu fikirləşirlər. Hərçənd ki, belə olmur və uzun müddət qatara minmək üçün gözləyirlər.

Ümumiyyətlə, avtobus sayı əhalinin sayına adekvat deyil. Ona görə də insanlar saatlarla avtobus gözləməyə məcbur qalırlar. Əgər avtobus sayı artsa, insanlar metroya indiki kimi çox yönəlməzlər.

Dünyanın heç bir ölkəsində ara məsafəsi 50 dəqiqə olan dayanacaq yoxdur. Bizdə isə var. Bunu dəyişmək lazımdır”.

Sədr müavini digər alternativ variantları da gündəmə gətirib:

“Fikrimcə, paytaxtın başqa şəhərə köçürülməsi variantı da gündəmə gələ bilər. Bundan başqa, universitetləri də Bakıdan köçürmək olar. Hakimiyyət və aidiyyəti qurumlar bu məsələləri ciddi şəkildə araşdırmalıdır. Bu problemlərin aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilməlidir. Dövlət büdcəsindən də yeni metro xətlərinin salınması üçün pul ayrılmalıdır. Hətta bununla bağlı Milli Məclisdə də müzakirələr aparılmalıdır. Nəzərə almaq lazımdır ki, hazırda başqa çıxış yolları yoxdur”.

Elmir Mustafa


MANŞET XƏBƏRLƏRİ